Velosiped yürüşü başlayır

velosiped-yurusu-baslayir
Oxunma sayı: 656

Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, layihə iki mərhələdən ibarətdir: 7-12 iyul 2011-ci il tarixində həyata keçiriləcək birinci mərhələ ekoloji təlim proqramını əhatə edəcək. İkinci mərhələ isə avqust ayının sonuna kimi davam edəcək, regionlarda müxtəlif ekoloji maarifləndirici tədbirlərin həyata keçirilməsindən ibarət olacaq. Layihənin məqsədi ölkədə “yaşıl məsuliyyətli davranış”ın formalaşmasına nail olmaq və velosipeddən istifadə mədəniyyətini inkişaf etdirməkdir. Layihə çərçivəsində Ağcabədi, Bakı, Gəncə və Sumqayıtdan olan 20 iştirakçı ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, velosiped sürməklə bağlı yerli stereotiplərin qırılmasına və yol təhlükəsizlik qaydalarına həsr olunmuş üç günlük maarifləndirici seminarda iştirak edəcəklər. Seminardan sonra növbəti iki gün ərzində iştirakçılar beş təcrübəli velosipedçi-ekoloqun rəhbərliyi altında Bakı və Bakıətrafı rayonlara təşkil olunacaq veloyürüşlərdə iştirak edəcəklər. Hər bir komanda biomüxtəlifliyin qorunması, ətraf mühitin çirklənməsinin fəsadları və çirklənmənin insan sağlamlığına təsiri, eləcə də velosiped sürməyin üstünlükləri haqqında yerli əhali ilə söhbətlər aparacaqlar. Layihə velosiped yürüşü ərzində iştirakçılar (təşkilatçılar) tərəfindən çəkilən şəkillərin sərgisi və mətbuat konfransı ilə bitəcək.

Qeyd edək ki, layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənir.

“Yaşıl Velosipedçilər Klubu”nun missiyası Azərbaycanda ekoloji maarifləndirici işləri gücləndirməklə davamlı ekosistemin qorunub saxlanılmasında, həmçinin fiziki sağlam və öz ölkəsini sevən cəmiyyətin qurulmasında töhfə verməkdən ibarət olduğundan cəmiyyətimizin bütün təbəqələrinin, o cümlədən dövlət, qeyri-dövlət, media, biznes və digər strukturların nümayəndələrinin, xüsusilə də gənclərin fəal iştirakı ilə insanları ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmağa çağırmaqdan ibarətdir.
Nigar Məmmədli