Vergilər Nazirliyi güzəştləri şərh etdi

vergiler-nazirliyi-guzestleri-serh-etdi
Oxunma sayı: 3495

Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, brifinqdə Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri haqqında məlumat verib. 

Vergi Məcəlləsinə dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləşdirən S. Musayeva bildirib ki, bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və «kölgə iqtisadiyyatı»nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir. 

O, vergi qanunvericiliyinə edilmiş ən mühüm dəyişiklik kimi qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əmək haqlarından tutulan vergilər üzrə vergi güzəştlərinin verilməsini qeyd edib. Dəyişikliyə əsasən aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir. 

Vergi güzəştinin məqsədi barədə danışan departamentin baş direktoru bildirib ki, əsas hədəf «kölgə iqtisadiyyatı»nın həcminin azalması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivliyin daha da canlanması və sürətləndirilməsi, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir.

Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə pərakəndə ticarət və ictimai iaşə sektorunda dövriyyənin rəsmiləşdirilməsində ictimai nəzarətin gücləndirilməsi və bu işdə istehlakçıların stimullaşdırılması məqsədilə istehlakçılar tərəfindən belə obyektlərdə xərclənən vəsaitlərin ƏDV-sinin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması nəzərdə tutulur.

İstehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi nəzarət-kassa aparatının çeki əsasında istehlakçılara geri qaytarılacaq. Bu qaydaların tətbiqi ilə bağlı əlavə olaraq prosedurları özündə əks etdirən qanunvericilik aktı qəbul olunacaq.