Vergilər Nazirliyinə daxil olan şikayətlərin sayı azalıb

vergiler-nazirliyine-daxil-olan-sikayetlerin-sayi-azalib-
Oxunma sayı: 667

Daxil olmuş müraciətlərdən 97,3%-i ərizə, 2,6%-i şikayət olub. 631 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlərdən 43,6%-i müxtəlif arayışların alınması, 13,4%-i vergi borcları, 18,7%-i kameral vergi yoxlamaları, 3%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri və ya hərəkətsizlikləri, 2%-i vergidən yayınma, 0,7%-i korrupsiya ilə əlaqədar hüquqpozmalar, qalanları isə digər məsələlərlə bağlı olub.

Müraciətlərin 78,1%-i müsbət həll olunub, 10,5 %-i barədə müvafiq izahat verilib, 6%-i əsassız sayılıb.

Cari ilin 3-cü rübündə vergi orqanlarına daxil olan müraciətlərin ümumi sayı 2-ci rübə nisbətən 4,6%, şikayətlərin ümumi sayı isə 25,5% azalıb. Vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı şikayətlərin sayı 19,3%, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı şikayətlərin sayı isə 44% azalıb.

Sentyabr ayının sonunda vətəndaşların videoqəbulu layihəsi də başa çatdırılıb, onlara ərazi vergi idarələri və vergi ödəyicilərinə xidmət terminalları vasitəsilə nazirliyin rəhbər vəzifəli şəxslərinə birbaşa real vaxt rejimində müraciət etmək imkanı yaradılıb. Həm nazirliyin rəhbər vəzifəli işçiləri, həm də Ərazi Vergilər İdarələri və vergi ödəyicilərinə xidmət terminallarının əməkdaşları üçün videoqəbulla bağlı treninqlər keçirilib.

Nigar Məmmədli