Vergini aldadan müğənnilər

vergini-aldadan-mugenniler
Oxunma sayı: 2872

Azər Qismət

Vergidən əvvəl toylara neçə min manata getmələri ilə fəxr edən və bunu silsilə şəklində nümayiş etdirən Azərbaycanın bəzi müğənniləri son vaxtlar adamların şənliklərinə getmədiklərini dilə gətirib yazıq görkəm aldılar. Bəziləri ekranda əməlli-başlı hönkürdü, bəziləri gəlirinin az olduğunu deyib xalqı inandırmağa çalışdı. Xatırladım ki, bu həmin müğənnilər idi ki, xaricdə klip çəkilişinə 100, 200 min manat xərc çəkmələrindən danışıb bəh-sə-bəhsə düşmüşdülər.

Bəzən bizim əksər müğənnilərə elə gəlir ki, onlar ayrıca respublikada yaşayırlar. Nə bu ölkənin qanunlarına, nə də siyasi proseslərinə heç bir aidiyyatları yoxdur. Biri fevralın 26-da Xocalı günündə toya gedir və sonra bunu ailə vəziiyyətinin çətinliyi (????) ilə əlaqələndirir, digəri təmas xəttində döyüşlər getdiyi bir vaxtda ayaqlarının şəklini çəkib instagrama yerləşdirir. Biri qayışının, digəri ayaqqabısının hansı brend mal olduğunu şövqlə yazıb rəy bildirənləri “çuşka” adlandırır. Hətta, Kütləvi İnformasiya Vasitələrinə verdikləri müsahibələr də fərqli olur: danışıqları ədalı, şıltaqlıqları bambılı. Təbii ki, hamsısına aid deyil.

Bu kateqoriyadan olan insanlar sanki özlərini cəmiyyətdən dəmir zireh vasitəsilə ayrı salıb müdafiə qalası qurublar: “bizə toxunmaq olmaz, bizə söz deyilməz, biz bu ölkənin incəsənət xadimləriyik”. Onların vergi ödəməli olduğu üzə çıxanda isə ilk sözləri bu oldu ki, “biz niyə vergi verməliyik?”. Təbii ki, bizim əksər müğənnilərin kompüterdən başı çıxmaları bir yana, hər hansı siyasi savadları, ümumi dünyagörüşləri sıfır vəziyyətindədir. Bunların hələ də xəbəri yoxdur ki, qazanc əldə edənlərin hamısı müəyyən faizlə dövlətə vergi ödəməlidir.

Və başladılar zülüm-zülüm ağlamağa. Bunların hansı şəkildə aktyorluq nümayiş etdirmələrini hamımız yaxşı gördük. Müğənnilərdən biri vergi ödəməməkdən ötrü dedi ki, “yaxın adamımdır, xahiş edib gedib oxumuşam”. O biri qayıtdı ki, “filan şadlıq evində (paytaxtın ən bahalı şadlıq evi) bir kasıb adamın toyunda iştirak edib 2 mahnı oxumuşam, məgər insanlıq borcumuzu yerinə yetirməli deyilik?”. İnsanlıq borcu yerinə yetirilər, amma daha bahalı şadlıq evində kasıb toyu olmur. Siz belə yalanlarla vallah təkcə vergi əməkdaşlarını aldatmağa çalışmırsız, siz həm də xalqı dolayırsız. Axı o toya getdiyiniz qiymətlərlə bağlı lentlər hələ də arxivdədir və silinməyib.

Müğənni Abbas Bağırov! Doğrudanmı vergi əməkdaşı sizdən heyif çıxır? Guya, yaxın adamının toyunda oxumadığınıza görə əməkdaşın belə əməl törətməsi nə dərəcədə məntiqlidir? Doğrudanmı hələ də sizə çatmayıb ki, vergi ödəməlisiniz. Bu, heç kimin haqqını pozmaq deyil, bu ümumdünya vergi sistemində də öz təsdiqini tapıb. Məsələn, hansınız məşhur italyan müğənnisi Luçano Pavarottidən artıqsınız? İtaliyalı tenora qarşı ittiham irəli sürülmüşdü ki, 1989-1995-ci illər ərzində yalan məlumatlardan ibarət vergi deklorasiyası təqdim edib. Bütün dünya belə bir məşhur müğənninin vergi səbəbindən qalmaqala düşməsini tənqid etdi. Necə ola bilərdi ki, ölkənin şərəfi və simvolu sayılan Pavarotti belə ittihamla gözdən salınsın? Lakin bütün bunlara baxmayaraq dünyanın 3 tenorundan biri vergi borclarını ödədi. Və özü demişkən gecələri sakit yatdı.

Yaxud, götürək məşhur fransalı aktyor Jerar Depardyeni. O, vergi ödəməməkdən ötəri həm Rusiyadan, həm də Belçikadan vətəndaşlıq alıb. Fransa Vergilər Nazirliyinə belə bir bəhanə gətirdi ki, hansı ölkədə filmə çəkilirsə, ora da vergi ödəməlidir. Amma onun bütün bu fırıldaqlarına baxılmadı, Fransa vergini aldı.

Bu iki dahi insanı nəyə əsasən misal gətirdim? Vergi ödənilməlidir. Ağlamaq və sızlamaq alınmır. Az oxumusan az ödəyəcəksən, çox oxumusan çox. Sonuncu model avtomobili olan müğənninin bu gün vergini ödəməməsi ayıb olar. Üstəlik, qarşıda siz getdiyinizdən (daha neyləmək olar) vergini ödəyib nümunə olmalısınız. Xeyriyyə işlərində iştirakınız çox azdır, heç olmasa vergi verməklə aztəminatlı ailələrə, yaşlı insanlara xeyriniz dəyər.