Vəzifədən getmək...

vezifeden-getmek
Oxunma sayı: 2940

Xuraman Hüseynzadə

Sanço Pansanın qubernatorluğu yadınızdadı? Yadınızdadı, gedəndə deyir ki, mən anadan lüt-üryan gəlmişəm, qubernatorluğa başlayanda cibimdə bir qəpiyim də yox idi və qubernatorluq vəzifəsindən gedənlərin əksinə olaraq, indi də qəpik-quruşsuz gedirəm.

Onun qubernatorluq sevdasından ən çox yadımda qalan bu sözləri olub. Hələ oxuyanda özümdən asılı olmayaraq “kişi adamdı Sanço Pansa” da demişdim.

Belə asketizm nümunələrini ancaq bədii əsərlərdə oxuyuruq. Necə deyərlər, Nirvanaya çatmaq lüksü vəzifə adamlarının düşüncəsinə ziddi. Əks halda dəli deyərlər adama, səfeh deyərlər...

Xalq yorulub. MTN-lə bağlı həbs, işdən çıxarılma xəbərləri daha maraqlı deyil. Xəmir hələ ki su aparır, yoğrulmaq bilmir.

Eldar Mahmudov həbs olunandan sonra kim onun haqqında danışırdısa böyürdən biri çıxıb “Bunu Eldar Mahmudov həbs olunmamışdan əvvəl deyəydin də” deyirdi. Niyə deyirdi? Bilirdi ki, heç kim risk edib bunu əvvəllər deyə bilməzdi. Adamlar MTN sözündən ilan vuran ala çatıdan qorxan kimi qorxurdu.

İşdən qovulma, həbs xəbərinin ardınca onların varidatı gəlir gündəmə. Nələri yığıblar, kimlərdən nə qədər alıblar, mal-mülkləri nədi, villalarının görünüşü necədi? Xalq, ondan talanan pulların nəyə sərf olunduğunun marağındadı...

Barlı-bəhrəli payız fəslini yaşayırıq. Təbiətin bol məhsullu vaxtıdı indi. Bazarlara rəngbərəng meyvə-tərəvəzlərdən, naz-nemətlərdən xalı sərilib elə bil. Di gəl, adamlar bu mənzərə qarşısında seyrçiyə çevrilir, alıcıya yox.

Bazara qədəm qoyan kəs ürəyində cibini hesablayır: görəsən, bu meyvədən, tərəvəzdən bu qədər alsam o birinə pulum çatacaqmı? Bəs krediti necə, ödəyə biləcəyəmmi? Bazarlardan evə boynubükük, pərişan qayıtmağın hüznünü yaşayır adamlar. Ala bilmir istədiyini. Köks ötürüb gəlir evinə. Sonra da həbs olunan, işdən qovulan məmurun haram pulla tikdirdiyi villaların şəkillərinə baxır saytlarda.

Və başını aşağı salıb gedir kasıbkarlığının dalınca...

Məqamı gələndə getmək lazımdı. Öz xoşunla. Qovulmadan.

Sanço Pansa kimi...