Vəzifəli qadının botoksundan öpmək

vezifeli-qadinin-botoksundan-opmek
Oxunma sayı: 3648

Raminə Eyvazqızı

Həmişə tərəqqi xatirinə qadın həmrəyliyinə dəstək vermişəm. Bəlkə kişi cinsindən olsaydım da, qadınların göz görə görə hüquqları tapdalananda  səsimi çıxarırdım. İnsan haqqları naminə. Ədalətliliyin hansı cinsdən olmağına dəxli yoxdur. Bir də qadın hüququnu müdafiə edənləri qınayan elə bilməsin ki, biz qadını yalnız kişilərin pis əməlindən qorumağa çalışırıq. Qadınlara pislik edənlər arasında elə qadınların özləri də var. Və bu dəfə həmcinslərimin nöqsanlı tərəflərini sadalayacam. Misal üçün, Şəfiqə adlı vəkil xanımın televiziya verilişində "az sən sus bir" deyərək  qadınları mühakimə etməsi adamda ikrah hissi oyadır. Hanı sizin qadınlığınız, hanı sizin mədəniyyətiniz,  hanı sizin  peşə etikanız?

Hər il ayağından, qolundan əlil olmuş qadınlar yenidən komissiyadan keçəndə qadın həkimlərin pul düşüncələri bitmir ki, bitmir. Əlilin yenidən ayağı, qolu çıxmayacaq ki, buna təzədən diaqnoz qoyursuz. Bəs bu qadın həkimlərin səsi nə vaxt çıxacaq? Axı qadınlar qarşı cinsdən daha emosional, daha heysiyyatlıdırlar. Hamısı yox, amma aralarında əlil insanın pensiya kartına gözü düşənlər də var. 

Öz həmcinsini puldan ötəri xəstəliyinin ağırlaşması ilə qorxudan qadın həkimlərimizin də sorağı gəlir. Yenə də pulgözlülük neçə-neçə pasiyentin canından olmasına imkan verir. Biləyindəki, boynundakı qızıllarla kiçik zinət əşyaları dükanını xatırladan qadın həkim xəstənin 10-20 manatını gözləyir.  Qadın həkimlərimizin kişilərə baxanda daha insaflı olmaları lazım deyilmi? Milli Onkologiya Mərkəzində kimyaterapiya otağında "pulu gətir, sonra otağa gir" deyən qadın həkimi görmüşəm. 

Oğlumun qadın müəliminə hədiyyə verməmişəm deyə, yenə uşağa "3" qiymətini yazmağa tələsib.  Həmin müəllim ki, şagirdləri arasında qoyduğu ayrı-seçkiliyin dozası çoxdur. Məktəblərdə qadın müəllimlərin üstünlüyü hələ uşaqlarımızın qayğıkeşlik içində itməsi demək deyil. Qız uşaqlarını çox halda qız olduğu üçün danlayan və yersiz təhqir edən qadın müəllimlər də var. Hələ biz məktəbli olanda  2 oğlu olan qadın müəllimimiz vardı, hər fürsətdə məktəb qızlarını pis işlərlə məşğul olmaqda şərləyirdi. "Filan qızı filan oğlanla gördüm" fikrini bütün camaat içində söyləyirdi ki, kimisə rüsvay etsin. Özünün qızı olmadığı üçün ona elə gəlirdi ki, başqasının qız övladına istənilən kimi dil uzatmaq olar. İndi də belə qadınlar saysızdır.

Gəlinini öz əli ilə aborta, həkimə gətirən qaynanalar haqda isə hamı yaxşı bilir. Hələ də var! Oğluna yalnız oğlan uşağı yaraşdıran belə qadınlar dünyanın ən yazıq canlılarıdırlar. Toyun səhəri gəlininə yuxarıdan aşağı baxan üçün hər an nöqsan axtarışı taktikası var. Doğulan nəvəsinə adını vermədiklərinə görə gəlini ilə "qanlı bıçaqlı" olan qaynana nümunələri də rastımıza çıxır. Doğulan uşağı həkimə aparanda özünü qabağa salan, anaya verilən sualları cavablandırmağa tələsən qaynananın maariflənməsini arzulayıram. 

Qızını ailə qursun deyə bezdirən, filankəslərin "qızın ərli vaxtı keçib" sözünə görə övladını düşünməyən analar da yazıqdırlar. Belə davranışlı anaları hər fürsətdə ifşa etməliyik. 

Bir neçə gün ardıcıl qadın tədbirlərində iştirak etdim. Zəhrimara qalmış müşahidəmdə nələr sezdim. Vəzifəli qadına yaxın düşmək üçün oyunlardan çıxan qadınlar gördüm. Evdə həyat yoldaşına çay verməyən qadın həmin vəzifəli həmcinsi ətrafında necə dolanırdı, ilahi. Hələ bir vəzifəlisi vardı, üzündə illərin keyfiyyətsiz botoksu olan. Onunla selfi çəkdirməyə, botokslu üzündən öpməyə can atan  50 -60 yaşındakı qadınlarımızın yaltaq performanslarını görmək heç xoş deyildi.

Bunlar cəmiyyətdə insan inkişafına maneə yaradan tipajların kiçik bir hissəsidir. Feminist düşüncə, hər qadının yaxşısına, pisinə göz yummaq deyil. Sadəcə, arada düşünürəm. "Qadınlar cəmiyyətin onurğa sütunudur" deyirik, amma sadalanan qadın tipləri ilə necə həmrəy olmaq mümkündür? Belə stereotipli qadınlar olan yerdə cəmiyyət dərdlərinə çarə tapa bilərmi? Dəqiq, yox!