“Vəzifəm var deyə pulumu tələb edə bilmərəm?”

vezifem-var-deye-pulumu-teleb-ede-bilmerem
Oxunma sayı: 651

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə şahid Aydın Allahverdiyev ifadə verib.

O bildirib ki, MTN vəzifəliləri tərəfindən ələ keçirilən torpaq sahəsi Ələsgər Əliyevlə onun şərik torpağı olub: “Həmin torpağı Ələsgər MTN işçisi Heydər İslamova satdı, pulu alsa da, sənədləri düzəldə bilmədi. Sonra da Heydər Ələsgərə hədə-qorxu gəlməyə başladı”.

General Elçin Quliyev deyib ki, o özü dələduzluğa məruz qalıb: “Ələsgər bizə sənədsiz torpaq satıb.  Mənim vəzifəm var deyə pulumu tələb edə bilmərəm? Bizə qarşı dələduzluq ediblər, məni aldadıblar”.

Dövlət Reyestr Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini olmuş Rauf Sultanovun həbs edilməsi və pul qarşılığında azadlığa buraxılması epizodu üzrə danışan Elçin Quliyev bildirib ki, İlqar Əliyevin 300 min manat aldığını deyirlər: "İlqar Əliyev intihar edib, rəhbmətə gedib. İlqar Əliyev 300 min manat alıbsa, daha niyə bunu orda-burda yaysın ki, şahidə də İlqar Əliyevin pul almasının kənddə danışıldığını desin. Bütün bunları zərərçəkmişin özü yayıb. İlqar Əliyev pul alıbsa, bunu niyə Fuad Fətəliyevə deməlidir? Bu zərərçəkmişi öyrədib bura yollayan ağsaqqalı var".

Məhkəmə prosesi avqustun 4-də davam etdiriləcək.

Murad Əhməd