Vidadi İsgəndərli Bakıya gətirildi

vidadi-isgenderli-bakiya-getirildi
Oxunma sayı: 828

Bu barədə musavat.com-a Vidadi İsgəndərlinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Oqtay İsgəndərli məlumat verib.

Onun sözlərinə görə, noyabrın 5-də Vidadi İsgəndərli Gəncə istintaq təcridxanasından Şüvəlanda yerləşən istintaq təcridxanasına köçürülüb və hazırda orada saxlanılır. Yaxın günlərdə Vidadi İsgəndərlinin Penitensiar Xidmətin 8 və ya 9 saylı cəzaçəkmə müəssisələrinin birinə köçürüləcəyi bildirilir.
Qeyd edək ki, Vidadi İsgəndərli İctimai Palatanın 2 aprel mitinqinə görə 8 sutka, 17 aprel mitinqinə görə isə 15 sutka azadlıqdan məhrum edilmişdi. Mayın 2-də ona verilən 15 sutka həbs cəzasının müddəti bitəndə ona qarşı ittiham irəli sürülüb və barəsində Cinayət Məcəlləsinin 159.4.1-ci və 160.2.1-ci maddələri ilə cinayət işi başlanılıb. Həmin gün Vidadi İsgəndərlinin barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Sonradan ona qarşı 132-ci maddə ilə də cinayət işi başlanılıb. Avqustun 27-də Göyçay Rayon Məhkəməsində hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Vidadı İsgəndərliyə hökm oxunaraq 3 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Vidadi İsgəndərlinin siyasi baxışlarına görə həbs edildiyini bəyan edərək onun azadlığa buraxılmasını tələb edirlər. Vidadi İsgəndərli və onun vəkilləri Göyçay Rayon Məhkəməsinin hökmünü siyasi sifarişlə çıxarıldığı üçün ədalətli saymayaraq hökmdən apelyasiya şikayəti veriblər. Şəhər Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev apelyasiya şikayətini təmin etməyərək Göyçay məhkəməsinin hökmünün qüvvədə saxlayıb.
Qeyd edək ki, Vidadi İsgəndərlinin vəkili Xalid Bağırov onu müdafiə etdiyi üçün Vəkillər Kollegiyasının qərarı ilə bir illik vəkillik fəaliyyətindən məhrum edilib.