Viliam Qardey ilk “DOST” mərkəzi ilə yaxından tanış olub

viliam-qardey-ilk-dost-merkezi-ile-yaxindan-tanis-olub
Oxunma sayı: 1307

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikasının Milli Tibbi Sığorta Fondunun (CNAM) prezidenti Viliam Qardey arasında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST Agentliyi) görüş olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, V.Qardey DOST Agentliyi və ilk DOST mərkəzi ilə yaxından tanış olub. O, burada gördüklərindən məmnunluğunu ifadə edib. V.Qardey dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ şəkildə təqdim olunmaqla keyfiyyətinin yüksəldilməsinə xidmət edən belə bir Agentliyin yaradılmasının uğurlu islahat tədbiri olduğunu bildirib.

S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nailiyyətləri, ölkəmizin əmək, məşğuluq, sosial müdafiə sistemlərində aparılan islahatlar barədə məlumat verib. O, nazirliyin analitik və proqnozlaşdırma potensialının təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiya və pensiya sistemlərinin inkişafına dəstək məqsədilə icra olunan tvinninq layihələri çərçivəsində Fransanın müvafiq qurumları ilə fəal əməkdaşlığın həyata keçirildiyini deyib.

V.Qardey Azərbaycana bu səfəri, ölkəmizdəki inkişaf, eyni zamanda sosial sahədə aparılan islahatlarla bağlı xoş təəssrüatlara malik olduğunu bildirib. O, rəhbəri olduğu qurumla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlaqələrin genişlənməsi üçün imkanların mövcud olduğunu, bu məsələnin CNAM-ın fəaliyyətində diqqətdə saxlanacağını qeyd edib.

Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.