Virtual “şir”lər

virtual-sirler
Oxunma sayı: 652

İnsan zəkası yeni bir dünya icad edib. Fani və baqi dünyamızdan başqa yeni bir dünyamız da var-virtual... Poçtda vaxt itirmək, vağzalda gözləməklər minimuma endirilib. İnkişafın məqsədi də insanın həyat şəraitini yaxşılaşdırmaq, problemlərini azaltmaqdan ibarətdir.

Etiraf edək ki, reinkarnasiya bizi özümüzdən və ətrafdan təcrid edib. Toya dəvətin, başsağlığının virtual göndərildiyi bu texnoloji əsrindən hələ çox gözləntilərimiz var. Hələ inkişafın pik nöqtəsində olduğumuzu zənn etməyək. Proqress olan yerdə uçurumdan danışmağa dəyməz. Zirvədəyik-fəth etdikcə daha da yüksələcəyik. Düşünən beyinlərin zəhmətinə söz yox, təqdirəlayiqdir. Bunun onlara dəxli olmasa da, bu dünyanın artmaqda olan sakinlərinə dəxli var-virtual dünya ruhumuza tam hakim kəsilib. O qədər aludə olmuşuq ki, bunu hiss etmirik. İlkin mərhələ kimi, həkimlər göz xəstəliklərini, əsəb pozuntusunu bununla daha çox bağlayırlar. Gerisini zamanın ixtiyarına buraxaq. Hələlik, bəlkə də xırda hesab etdiyimiz, fərqində olmadığımız bir məqama baxaq...

“Üz üzdən utanar”, “İtdən ayıb deyil, yiyəsindən ayıbdır” kimi insanları barışığa, belə deyək, sülhə səsləyən məsəllər virtual aləmdə çıxdaş olunmaqdadı. Real həyatda səsini ucaltmağı, sözü üzə deməyi, ən xırda konflikti belə ictimailəşdirməyi ar bilənlər ələyi atıb boz ekranı üzlərinə tutub söyməklə, təhqir etməklə məşğuldurlar. Qeydiyyatdan keçdiyin sosial şəbəkədə belə adamları nə qədər silsən də, sənə qarşı etməsələr də yaranmış imkandan başqalarına qarşı sui-istifadə etdiyini görürsən.Virtual “şir”lərin nəsli artmaqdadır. Köklərinin kəsiləcəyi mümkünsüz hala gəlib. Çünki bu, artıq əxlaq, tərbiyə, mənəviyyat məsələsidir ki, texnologiyalar buna müdaxilə etməkdə acizdi. Sivilizasiyanı təkmilləşdirənlər onu tapdayanların mənəvi keyfiyyətlərinə bu cür təsir edəcəklərini düşünməyiblərmiş yəqin ki. Youtube saytında yerləşdirilən videomateriallara baxarkən istər-istəməz gözlərini bir balaca aşağı sürüşdürməli olursan. Söyüş, təhqir ox kimi gözlərinə sancılır. Həmin adamlar bəlkə də ictimai yerdə bu cür söyməyi ar edirlər. Özümüzü və Anadolu türklərini bu siyahıda görmək çox ağrılıdı. “İlahi, Sabir, Axundov, Mirzə Cəlil... necə də uzaqgörənmiş” deyə düşünürsən. Bunlar düzəlmir ki, düzəlmir!!!
İşıq sürətilə irəliləyən texnoloji çürük beyinlərə inkişaf perspektivi vəd etmir. Sivilizasiyanın külək eroziyası təsiri göstərməsi başqa cür faciədi.

Virtual dünyanın öz etik normaları, davranış qaydaları var. Kim bunu necə qavrayırsa, o cür də sərgiləyir. Yaradıcı adam üçün sosial şəbəkənin, virtual dünyanın rolu əvəzsizdi. Yazılarını, bədii yaradıcılıq nümunələrini paylaşırsan, həmkarlarınla, oxucularınla; incəsənət adamısansa, dinləyicilərinlə, tamaşaçılarınla asanlıqla ünsiyyətə girə bilirsən. Yəni bu qədər uğurlu bir layihəni işləyib hazırlayanlar hər halda sadaladıqlarımı ön planda görüblər, nəinki “qız tutmaq”, ailələr dağıtmaq, söyüş, təhqir kimi lazımsız şeyləri. İkinci ilə məşğul olanlar birincilərdən çoxdu.

Bu imkanlardan kimin necə istifadə etməsi öz şəxsi və psixi problemi ola bilər. Unutmayaq ki, boşuna göz nuru, əsəb, vaxt sərf edib, sonra bunun əzabını çəkmək ikiqat əzab verəcək...