Vizasız gediş-gəlişi haqqında saziş imzalandı

vizasiz-gedis-gelisi-haqqinda-sazis-imzalandi
Oxunma sayı: 2329



Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər zamanı E.Məmmədyarov İraqın Baş naziri Nuri əl-Maliki və xarici işlər naziri Xoşyar Zebayri ilə görüşlər keçirib.
İraqın Baş naziri ilə görüş zamanı ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət, enerji, təhsil sahələrində əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə arasında hökumətlərarası müştərək komissiyanın fəaliyyəti müzakirə edilib.

Terrorizmin beynəlxalq ictimaiyyət, o cümlədən ölkələrimiz üçün böyük təhlükə olduğu qeyd olunaraq, bu sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi və beynəlxalq birliyin səylərinin səfərbər edilməsinin vacibliyi vurğulanıb.

E.Məmmədyarov İraqın Baş nazirinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini və bu qətnamələrin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini diqqətə çatdırıb.

Bu işğal nəticəsində bir milyona yaxın insanın qanlı etnik təmizləməyə məruz qalaraq, tarixi torpaqlarından qovulduğunu və qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən nazir Ermənistanın beynəlxalq hüquqa davamlı surətdə hörmətsizlik nümayiş etdirdiyini qeyd edərək, bu ölkənin beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə riayət etməli olduğunu vurğulayıb. E.Məmmədyarov münaqişə ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini və beynəlxalq təşkilatlar çərçivəsində dəstəklədiyinə görə İraqa öz təşəkkürünü ifadə edib.

Nuri Əl-Maliki İraqın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib. Baş nazir İraqın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, beynəlxalq birlik tərəfindən qəbul edilmiş və tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirib və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməli olduğunu vurğulayıb.
Səfər çərçivəsində E.Məmmədyarov İraqın xarici işlər naziri X.Zebayri ilə də görüşüb.

Nazir E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək, bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İraq tərəfinə öz təşəkkürünü ifadə edib.

X.Zebayri İraqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıraraq, ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı olduğunu bildirib.

Görüşdə Azərbaycan və İraq xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında saziş" imzalanıb. Bu sazişin iki ölkə arasında təmasların artmasına xidmət edəcəyi vurğulanıb.
Görüşdən sonra E.Məmmədyarov və X.Zəbayri kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriblər.