Dövlət Dumasının sədri prezidentin qəbulunda - Yenilənib

dovlet-dumasinin-sedri-prezidentin-qebulunda
Oxunma sayı: 3195

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və rəhbərlik etdiyi nümayəndə heyəti bu gün və sabah Azərbaycanda rəsmi səfərdə olacaq.

"Qafqazinfo"nun TASS-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçiriləcək. Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişafı, ticari-iqtisadi əməkdaşlıq məsələləri, qanunvericiliyin uyğunlaşdırılması müzakirə ediləcək.

Bundan başqa, ikitərəfli parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələləri də gündəmdə olacaq. 

***

Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
 
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Dövlət Dumasının sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovqarşılayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Volodinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Bu yaxınlarda Rusiyada Vladimir Putinlə görüşünü məmnunluqla xatırlayan İlham Əliyev iki ölkənin dövlət başçıları arasında görüşlərin mütəmadi olaraq keçirildiyini qeyd edib və bu təmasların əlaqələrimizin bütün istiqamətlərdə irəliyə aparılması baxımından önəmini vurğulayıb.

İlham Əliyev bildirib ki, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əməkdaşlıq da böyük önəm daşıyır. Dövlət başçısı qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir və hər zaman beynəlxalq səviyyədə bir-birini qarşılıqlı surətdə dəstəkləyir. 

Vyaçeslav Volodin vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq əlaqələrinə əsaslanır və çox yüksək səviyyədədir. Sədr qeyd edib ki, dövlət başçılarının həyata keçirdiyi siyasət bu işdə xüsusi rol oynayır.

V. Volodin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini məmnunluqla vurğulayaraq əlavə edib ki, ticarət dövriyyəsinin 30 faiz artımı bunun çox yaxşı göstəricisidir. Dövlət Dumasının sədri, eyni zamanda, turizm sahəsində əməkdaşlığın genişləndiyini qeyd edərək ötən il Rusiyadan Azərbaycana 850 mindən artıq turistin gəldiyini bildirib və bu göstəricinin 18 faiz artdığını qeyd edib. O, bildirib ki, bu rəqəm Rusiya turistləri üçün ənənəvi olan bir çox ölkələrin göstəricisini artıq geridə qoyub.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.