“Vüqarın ruhu naminə iştirakçılar yaxşı oynayacaqlar” - FİDE prezidenti

“Vüqarın ruhu naminə iştirakçılar yaxşı oynayacaqlar”
Oxunma sayı: 282

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" superturnirinin açılış mərasimindən sonra brifinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, turnirin beynəlxalq şahmat üçün əhəmiyyətindən, iştirakçılardan danışıb:

- Şahmat proqnozu sevməsə də, FİDE prezidentinin favoritininin kimliyini bilmək maraqlı olardı. Bunu açıqlayardınız...

- Bu suala cavab vermək çox çətindi. Ona görə ki, son dövrlər bütün şahmatçıların səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Şəmkirdəki turnirdə yalnız dünya çempionu Maqnus Karlsen yoxdu. Digər "Top" oyunçular isə bu gözəl məkana toplaşıblar. Onların hər biri dəfələrlə həm təkbətək, həm də turnir xarakterli turnirlərdə ən yüksək mübariz keyfiyyətlərini, sonadək iddialarını göstərmək qabiliyyətlərini ortaya qoymağı bacarıblar. Xatırlayırsınızsa, 2 il öncə Sergey Karyakin Bakıdakı Dünya Kubokunda Peter Svidlerlə matçın gedişində 0:2 hesabı ilə geridə olduğu vaxtda dönüş etdi. Nəticədə o, Dünya Kubokunu qazandı. Əminəm ki, Vüqarın ruhu naminə bütün iştirakçılar ən gözəl oyunlarını göstərəcəklər. Proqnoz vermək istəmirəm. İndi kimisə favorit saydığımı desəm, düşünəcəksiniz ki, hakimlər onun rəqiblərinin qapısına penalti təyin edəcəklər. Hamısına azarkeşlik edərək belə deyərdim ki, qoy, güclü qalib gəlsin. 

- Son zamanlar FİDE daxilində baş verənlərlə bağlı son durum necədi?

- 2018-ci ildə FİDE prezidenti seçkilərinə namizədliyimi verəcəyimi dünən rəsmən açıqladım. Seçki Gürcüstanın Batumi şəhərindəki Ümumdünya Şahmat Olimpiadası çərçivəsində baş tutacaq. Təxminən 2 həftə öncə FİDE-nin Prezident Şurasında yaşananlar isə sadəcə, anlaşılmazlıq, texniki problem idi. İdeyalarım da, komandam da, proqramım da açıqdı. Kimin yaxşı fikri, ideyaları varsa, onları komandamda görməyə, hamısı ilə birgə işləməyə hazıram.

- Yenidən prezident seçilsəniz, sizə qarşı çıxanları komandanızdan kənarlaşdırmağa hazırsınız?

- Qeyd etdim ki, komandamda hər kəsi görməyə hazıram. Həmçinin, həmin şəxsləri ora dəvət edə bilərəm. Qoy, məndən narazılıqlarını, fikirlərini bildirsinlər, buna hazıram. 22 ildir çalışıram ki, şahmat ailəsini birləşsin, möhkəmlənsin. Bu gün turnirdə Veselin Topalovla Vladimir Kramnik iştirak edir. Harri Kasparov FİDE-dən gedəndə tacını da apardı və öz çempionatını keçirdi. 2006-cı ildə Kramnik Kasparovu məğlub etdi və dünya çempionu Topalovla qarşılaşmağa razılıq verdi. Kalmıkiyadakı həmin görüşdən sonra şahmat dünyası birlik ola bildi. İmkan vermərəm ki, arxamızda kiçik intriqalar olsun və bu, şahmatın birliyinə, bütövlüyünə təsir etsin. Şahmat dünya üzrə genişlənir. Hazırda 600 milyon insan şahmat oynayır. İl ərzində 80 - 100 ölkədə oluram və həmin ölkələrdə şahmatın sevildiyini görürəm. Bu üzdən yenidən namizədliyini irəli sürməyə qərar verdim. Çünki hədəfim olan "1 milyard şahmatçı" devizini gerçəkləşdirmək istəyirəm. Qarşıdakı 5 ildə dünyada 1 milyard insanın şahmat oynamasını istəyirəm. 

- İrad bildirən insanlardan kimsə sizə yaxınlaşıbmı?

- Hələ ki yox. Görünür, kimlərsə məni istefaya göndərmək istəyirdil. Buna təəccüblənmişdim. Çünki FİDE Prezidenti Şurasında bu haqda heç nə deməmişdim. Onlar istefaya getməyə hazır olduğumu düşünürdülərsə, məndən nədən narazı olduqlarını bildirmələrini tələb etdim. Qoy, desinlər ki, işlədiyim 22 ildə harada səhv etmişəm. Həmişə jurnalistlərə və əməkdaşlarımıza qarşı açıq olmuşam, onların tənqidlərini qəbul etmişəm. 

- Onların arasında Georgios Makropulos da var?

- BMənzil-qərargahımız Yunanıstanda yerləşir və I vitse-prezidentimiz Makropulos da orada yerləşir. İstefa xəbərimi FİDE-nin rəsmi saytında görən kimi ona zəng etdim. Amma cavab vermədi. Ardından icraçı direktora zəng etdim və bildirdim ki, sizə teleqram göndərmişəm. İstefa vermədiyimə dair açıqlamamı saytda yerləşdirməyinizi xahiş edirəm. O da dərhal telefonu söndürdü. Təsəvvür edirsiniz, FİDE prezidenti FİDE-nin qərargahına zəng edib düşə bilmir. Bu, Leninin dövründə baş verənlərə oxşayır. O dövrdə deyirdilər ki, inqilab etmək üçün poçt şöbəsini və teleqrafı ələ keçirmək lazımdı. 

- Elədirsə, bəlkə FİDE-nin mənzil-qərargahının yerini dəyişəsiniz?

- Ola bilər. Əvvəllər FİDE-nin ofisi İsveçrədə olub və indi də belə bir təklif var. Bu ölkədə Beynəlxalq Olimpiya Komitəsinin və əksər idman növləri üzrə beynəlxalq federasiyaların qərargahları yerləşir. Nəzərə alsaq ki, biz də uzun zamandı olimpiya ailəsinə daxil olmaq istəyirik, bəlkə də belə yaxşı olar. 

- FİDE-nin ofisini Bakıda da açmaq olar?

- Təbii ki, mümkündü. Təkliflərə açığam. Burada bir çox nüansı nəzərə almalıyıq. Burada açsaq, Lozannadakı kimi vergidən azad olsaq, digər problemlər İsveçrədəki kimi həllini tapsa, qiymətlər ucuz və sərfəli olsa, təbii ki, məmnuniyyətlə razılaşarıq. 

- Texniki anlaşılmazlıq baş verdiyini desəsiniz də, sonra özünüz də zənglərinizin cavabsız qaldığını etiraf etdiniz...

- Bunu gizli təxribat kimi qələmə verməzdim. Kiminsə kiməsə qarşı məxfi planlarının olduğunu düşünmürəm. Mən FİDE prezidentiyəm. İşlədiyim müddət ərzində də şahmatın inkişaf strategiyası yollarını araşdırmaqla məşğul olmuşam. Olduğum ölkələrdə şahmat məktəblərini ziyarət edir, onlara öz tövsiyələrimi verirəm. İndi nə edək ki, kimsə özünü rəhbər sayaraq, telefonunu söndürüb.

- Olsun. İndiyədək Makropulosun telefonu açılmayıb?

- (gülür - red.) Açılmayıb da... Neyləyək?      


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi