Vur, Türkiyə, vur

vur-turkiye-vur
Oxunma sayı: 3188

Fərid Hüseyn

Hazırkı Türkiyə və Rusiya münasibətləri insanları müxtəlif fikir yürütməyə vadar etdi. Əsaslı-əsassız hamı nəsə deyir... Bizim bəzi adamların Türkiyənin bu addımını dəstəkləməsi müharibənin yalnız səngərdən ibarət olduğunu düşünən əsgərin komandirinə “vur, komandir vur” əmrinə bənzəyir. Ancaq müharibələrin aqibəti yalnızca səngərdə, hansısa topun yanında həll olunmur. Rusiya isə qisası qiyamətə saxlayana oxşamır... Fikrimcə, indi biz yalnız sülh arzusunda olmalıyıq...

Türkiyə ilə Rusiyanın savaşa başlaması III Dünya Müharibəsi deməkdir. Əgər III Dünyan Müharibəsi olsa, bu dəfə həm də, “Allahlar” vuruşacaq. “Allahların” ölməzliyini nəzərə alsaq, onda bəndələr öz aqibətini düşünsünlər gərək...

İndiki siyasi şəraitsə həm Türkiyə qardaşlığını, həm də Rusiya ilə münasibətlər zəminində bizə yəqin ki, hansısa formada sərf etməyəcək... Türkiyənin Rusiya ilə baş-başa gəlməsi bizim üçün bayram olmayacaq... İki sərhəd ölkənin kəskin mübarizəsi qarşısında ölkəmizin bitərəf qalması çətinləşəcək. Təəssüf ki, bizdə Türkiyənin bir təyyarə vurmaqla dünyanı fəth etdiyini düşünənlər var. İndiki reallıqda, yalandan “türk birliyi” deyənlər, Qəddafinin “ərəblər birləşin” şüarını təkrarlamış olmurlarmı, sizcə?

Uşaq da bilir ki, Suriya prosesi yaxşı və ya pis həll edilməyənə qədər Rusiya və ABŞ münasibətlərini aydınlaşdıra bilməyəcək. Bəs görəsən, öz maraqları gündəmə gələn kimi Türkiyə niyə Suriyanı unutdu? Amerika hamını ayrı-ayrı “zal”larda vuruşdurur. Özüsə okeanın o tayından “kreslosuna söykənib” seyr eləyir. Ürək ağrıdan odur ki, Qardaş Türkiyə məkr ocağına çevrilməkdə...

...Ərdoğansa yenə də Səddam Hüseyn kimi danışır. Hədələyir, əsib-coşur... Mənimsə yadıma Səddam Hüseynin məhkəməsində ona “ayağa qalx” əmri verən hakimin soyuqqanlılığı düşür. Səddam – “qalx” əmrindən sonra yerindən tərpənmək istəməyəndə, hakim nəzarətçilərə deyir ki, zorla qaldırın onu. Səddamsa xoşluqla qalxır və deyir: “əl vurma mənə, dəstəmazım pozular”...

Yılmaz Özdil demiş “möminlər xidmətə” deməklə iş aşmır, dünyanın ən sakit, rahat Türkiyə “Ərəb baharı”nı və aqibətini unudub deyəsən... Adamı yandıran odur ki, o cür gözəlim ölkəni necə tilsimkar qüvvələr şər, terror yuvasına çevirib, məmləkətdə hərbi rejim yaratdılar?! Dünyəvi ölkəni “dinə” ordan da müharibəyə aparırlar... Əgər tarix onlara dərs olmasa, Atatürk yoluna qayıdılmasa, Səddam Hüseyn kimi əlləri xalqın qanına batandan sonra ittiham olunanda – “dəstəmaz pozulması”ndan narahat olacaqlar. Həmin vaxt isə bütün yaxın ölkələrdə tüstüdən göz-gözü görməyəcək...