Vurğun Əyyub örnəyi…

vurgun-eyyub-orneyi
Oxunma sayı: 4162

Məmməd İsmayıl

Bakıdan gələn bir telefon zəngi fikrimi çox-çox uzaqlara apardı: Vurğun Əyyubun 60 yaşı tamam olur. Bu xəbərə inanmağım da gəldi, inanmamağım da...

1990-cı ilin o məşum yanvar qırğınından sonra çoxları kimi mən də yas içində idim, 40 gündü üzümü qırxmırdım və bu qırxmamağım da mənə amansız bir gerçəyi göstərəcəkdi, əvvəllər heç fərq etmədiyim uzanan saqqalım bəmbəyazdı, ona qədər qıvraqdım və hələ qocalığın çox uzaqlarda olduğunu düşünürdüm, amma üzümü ağ edən bu saqqal bəyazlığı, indi güzgüdən göz vurub qocalığınam, gəlmişəm deyirdi. O günlərdə bir iş üçün Yazıçılar Birliyinə getmişdim, pilləkənləri qalxırdım ki, yuxarıdan rəhmətlik İsmayıl Şıxlının aşağı endiyini gördüm. Salamlaşanda üzümə çəkik türkmən gözləriylə diqqətlə baxıb:
 
- Ayə Məmmədsənmi? - dedi. Mən də Məmməd olduğumu təsdiqlədim. O zaman rəhmətlik, - biz özümüzü cavan bilirdik, siz gənclərin saqqalı ağardısa, deməli biz boynumuza almasaq da demə çoxdan qocalmışıq, dedi.
 
Bu faktı nədən burda yada saldım? Vurğun bəyi lap çoxdan tanıyıram, amma açığı deyim, ilk gəncliyinə yaraşmayan təmkinli davranışları ilə mən onu hardasa yaşıdım kimi qəbul edirdim. Amma fakt da faktlığında qalırdı, aramızda 18 illik bir yaş məsafəsi də vardı.
 
Həqiqətən də görünüşünə baxanda ona yaşadığı yaşı vermək olmur, gördüyü işlərə baxanda isə... uzun bir ömür yaşadığı düşüncəsinə qapılırsan. Vurğun bəy bu təzadların qəhramanıdır.
 
Dilimizdə vurğun sözü müxtəlif anlamlar daşıyır. “Filankəsi vurğun vurub”, ya da sevdiyinə vurğun kimi vurulub. Adamlar adlarına çəkir, deyirlər, Vurğun bəy də hər yönü ilə adına çəkib, gördüyü işlərə vurğunluq onda anadan gəlmədir. Yaradıcılıqla məşğul olanda da, o zor zamanlarda “Çənlibel” kimi siyasi hərəkatın başında duranda da, unveristet auditoryalarında dərs keçəndə də və qəbul imtahanlarında test üsulunu ilk dəfə tətbiq etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını yaradanda da Vurğun adındakı vurğunluqla hərəkət edirdi.
 
Aramızdakı yaş fərqi əsla dostluğumuza əngəl olmadı. Yox, bizim bir-birimizə sayğımız eloğlululuğumuzdan qaynaqlanmır. Belə olsaydı, o da başqaları kimi baş redaktoru olduğum və gəncliyin hər fürsətdə çap olunmaq istədiyi “Gənclik” jurnalının qapısını döyərdi, eloğlluğumuzdan yararlamaq istərdi...
 
Vurğun bəylə yaxın təmasımız eloğlululuq hisslərindən (əlbəttə bu da vardı) şairlik, şeir həmfikirlliyindən yaranmadı. Yaşlarımız arasındakı böyük fərqə baxmayaraq bizi bir-birimizə doğmalaşdıran azadlığa canatımda millətimizə gücümüz yetdiyi qədər dəstək olmaq arzusu və fəaliyyətindən doğdu desəm, yanlış olmaz. Yadımdadır, 1988-ci ilin gərək ki, fevral  ayında (O zaman mən yenicə fəaliyyətə başlayan “Gənclik” dərgisinin baş redaktoru idim, ilk sayıları yenicə işıq görsə də, “Gənclik” toplumda böyük həyəcan oyandırmışdı (Xüsusiylə də gənclər arasında!)


 
Azərbaycan tarixi üçün o zaman kəsimi çox önəmli bir dönəmdi, bir tərəfdən Dağlıq Qarabağ olayları, o biri tərəfdən ölkəni idarə etmək qabiliyətində olmayan  maymaq rəhbərlərin bilərək, ya bilməyərək susqunluğu, səbatsızlığı xalq arasında böyük dalğalanmaya səbəb olmuşdu və müxtəlif adlarda siyasi qurumlar yaranırdı. Bunların arasında fəal olanlardan biri də Vurğun bəyin başını çəkdiyi “Çənlibel” hərakatı idi. Mən əlbəttə işimi “Gənclik” jurnalında görür və (komsomolun orqanı olsa da) bu jurnalı xalqın ruporuna çevirirdim, bu səbəbdən də çeşidli hərakatlara qoşulmağa nə zamanım, nə də imkanım vardı.
 
Dediyim kimi, 1988-ci ilin qışında o zamanın mərkəzi komitəsindən mənə telefon açıb “Azərnəşr”in önündə “Çənlibel” üzvüləri mitinq keçirib asayişi pozmaq istəyirlər, qarşıdurma yaranıb, sizin sözünüzü eşidərlər, gedib bu işi yoluna qoysanız yaxşı olar, deyib bir növü mitinqi dağıtmağımı mənə balabanda qandırmaq istədilər.
 
Əlbəttə, bir bəhanə ilə deyilənləri geri çevirər və mitinq keçiriləcək yerə getməyə bilərdim. Amma getməməyimdən getməyimin daha münasib olduğunu düşünüb, tərəddüd etmədən “Azərnəşr”in yanına getdim. Bu qərarımın əsas səbəbi Mərkəzi Komitədən mən olmasam da (Yuxarılara belə “xidmət” göstərmək istəyənlərin sayı onda da indikindən elə də az deyildi...) bir başqasını göndərəcəkdilər və bəlkə o bir başqası da mənim edəbiləcəklərimi etməyəcəkdi.
 
Orada Vurğun bəylə və “Cənlibel”in başqa öndəgələnləri ilə görüşüb vəziyyəti anlayacaq və “Çənlibel” üzvülərini yığıncaq keçirmək üçün “Azərnəşr”in iclas salonuna buraxmayan polis işçiləri ilə görüşəcək, - problem yaşanmasını istəmirsinizsə, çənlibelçilərə əngəl olmayın, içəri buraxmasanız, bayırda yığıncağı mitinqə çevirəcəklər, yığıncaq içəridə keçirilsə, küçələrdəki əmniyyəti saxlamış olarsınız.
 
Görünür, dediklərimiz polis işçilərinin ağlına batdı ki, “Azərnəşr”in qapısıını açdırdılar və biz o gün Vurğub bəylə birlikdə o yığıncağın coşqu ilə keçirilməsinə nail olduq. Elə bilirəm şəxsi yaxınlığımız da o gündən sonra başladı.
     
Vurğun bəy məni “Məmməd əmi” deyə çağırır. (Bu “əmi” sözü onun dilində bir başqa səslənir!). Yaşının məndən bir bu qədər az olmasına baxmayaraq, mənim də ona “Əmi” deyə səslənməyim var.   
 
Vurğun bəy siyası fəaliyyətini elmi və ədəbi fəaliyyəti ilə birləşdirə bilən nadir aydınlarımızdandır və deyə bilərəm ki, bu fəaliyyət sahələrinin hər birində də ciddi, yadda qalan uğurları var. Və bu uğurları, duyduqca, izlədikcə hər zaman içimdən qürur hiss keçirmişəm. Nə gizlədim, arxadan gələn nəsillər arasında öndə gedən yaşlı nəsillərin təmsilçilərinə sayğısızlıq göstərənləri az görmədik. Sayğı və sevgi imkanlarının fövqündə olan Vurğun bəydə bu dediklərimin heç birini hiss etmədim.
 
Deməyim odur ki, Vurğun bəy yaşından əvvəl müdriklik  çağına adlamış nadir aydınlarımızdan biridir.
 
Vurğun Əyyubun millətimizin gələcək taleyinə yön verən işləri hətta bizə düşmənlərin də etiraf etdikləri bir həqiqətdir. Ali məktəblərə rüşvətsiz qəbul olunan yüz minlərlə gəncin və onların valideyinlərinin könül dualarıının əsas ünvanı da bir başqası yox, Vurğun bəydir. Buna təsadüf demək olarmı? Bu ayrıcalıq bir başqasına yox, Vurğun  bəyə nəsib oldu. Sirr hardadır? Sadəcə bu fərqliliyin özü onun haqqında çox şeylər demirmi?
 
Arzuları ilə imkanlarının örtüşdüyü yerdə bir insanın nələr edə biləcəyinin ən qabarıq örnəyi heç şübhəsiz Vurğun Əyyub örnəyidir.
 
Altmışını tamamlayan əziz eloğlumu, dostumu, dəyərli ziyalımızı bu yubiley günlərində bağrıma basır, gözlərindən öpürəm. Adındakı vurğunluqla könlündəki vurğunluğu qoşa qanad kimi daşıyan dostuma - qocaman əmidən gənc əmiyə qürbətdən salam olsun.
                      
Kulis.az

Yazı filologiya elmlər namizədi Vurğun Əyyubun 60 illik yubileyinə həsr olunub.