Vüsal mahiyyətimizi götürüb tappıltı ilə təpəmizə çırpdı

vusal-mahiyyetimizi-goturub-tappilti-ile-tepemize-cirpdi
Oxunma sayı: 4628

Nərmin Dadaşova

Bir az bundan qabaq televizorun yanından keçəndə qulağıma Vüsalın səsi gəldi: “Ayə, harayə gedirsən, ayə?”. Fikirləşdim ki, yəqin AZTV  məlum mahnıya olan diqqətin qarşısında aciz qalıb kadrları televiziyada da yayımlamaq qərarı alıb. Baxam görəm ki, yox e, mənasızlığı ilə dünya tarixinə adını qızılı hərflərlə yazmış Zaur bəy “5-də 5” verilişində oxuyanda yüngülvari səs çıxara bilmək üçün var gücü ilə gücənən müğənni Elnurla bərabər Vüsalın mahnısına qulaq asıb, uğunub gedirlər özlərindən. Heyhat, bir həftə əvvəl yeddinci sinif şagirdinə elçi gedən bir beyin bu gün kimisə lağa qoyur. 

Mən sizin bu gün kəşf etdiyiniz bu istedadlı gənci tanıyalı 6 il olar. “Tengri” adlı qrupu ilə bərabər kiçik bir salonda konsert verməyə hazırlaşırdılar. Və sözün əsl mənasında bir neçə saat ərzində müdhiş bir performans göstərmişdilər izləyicilərə. O ərəfələrdə  həyat yoldaşımla dost münasibəti olan Vüsal ara-bir gitarasını götürüb bizə qonaq gəlirdi.

Günlərin bir günü məhlədəki balaca dükanda satıcı işləyən “məsləhətkeş” bir qadın məni yanına çağırıb ciddi-ciddi uyardı: “Balam, ərinə  de, belə əcaib-qəraib adamlarla oturub durmasın. Özün də ikicanlısan, cinə oxşayır bu oğlan, iraq olsun, qorxub eləyərsən”. Uzun dolaş-dolaş saçları olan, ayaqyalın şəhərin altından girib, üstündən çıxan Vüsal tipik bir azərbaycanlının gözündə bu idi- “CİN”. Onun bəstəsi, onun gitarası, onun musiqisi, onun oxuduğu kitablar, potensialı, istedadı- heç biri bu cəmiyyət üçün heç nə ifadə etmirdi. Siz Vüsalı tanımadız, dinləmədiz, saçını daradıb, ayaqqabısını geydirib AZTV-yə yolladınız. O gözünə döndüyüm də, gedib orada sizə, sizin “cool” ədalarınıza, Üzeyir, Talıb, Damla zövqünüzə əl salladı. İronik blues-rock söylədi sizə, dedi “Ayə, haraya gedirsən?”. Mahiyyətimizi götürüb tappıltı ilə çırpdı təpəmizə. Hər səhər eşidirəm mən belə dialoqları, metro çıxışlarında, avtobus dayanacaqlarında əyri ayağına darbalaq şalvar geyinmiş, makasinli çeçenkalardan: “Ayəə, yetiiim, hara geedersən aaaa?” Bax, Vüsalın da bizə demək istədiyi, ironiyası elə bu, idi.

Biz adətən istedadlılarımıza yiyə durmuruq. Elnur vardı, məsələn, gah narkoman elan etdik, gah homoseksual dedik, türlü-türlü bəhanələrlə itələdik, qovduq. Getdi “O Səs Türkiyə” qalibi oldu, Vaqif getdi Ukraynada parladı. Dünəndən qəş eləyib güldüyünüz Vüsalın da Baltikyanı ölkələrdə başına and içirlər. Bizə də qıraqdan baxıb başımızı bulamaq qalır. Hə, bir də Barış Manço vardı. Sevə-sevə dinlədiyimiz, dünya musiqi tarixində adını cıza-cıza yazmış Barış Manço. “Üç bacı dolması”na mahnı yazmışdı.

Necə oxuyurdu, yadınızdadır?:  “Arkadaşım eş, arkadaşım şek, arkadaşım eşşek”.  Nə cin demədik ona, nə dərviş.  Niyə?  Çünki bizimki deyildi. Badalaq atmağa, bəzəməyə, baltalamağa elə özümüzünkülər yarayır...