Xaçmaz İcra Hakimiyyətindən aksiya ilə bağlı - Açıqlama+Yenilənib

xacmaz-icra-hakimiyyetinden-aksiya-ile-bagli-aciqlamayenilenib
Oxunma sayı: 1901

Bu barədə “Qafqazinfo”ya Xaçmaz rayon icra başçısının müavini Yetkin Mehmanov məlumat verib. O bildirib ki, Xudatda heç bir aksiya keçirilməyib: “Bu gün Xudat şəhərində tıxac zamanı iki avtomobilin toqquşması ilə yol qəzası baş verib. Toqquşan maşınlardan biri Dövlət Sərhət Xidmətinin Xudat Sərhəd Dəstəsinə aid “Nissan” markalı, digəri isə Xaçmaz sakininə məxsus olub. Hadisə zamanı xəsarət alan olmayıb”.

İcra başçısının müavini qeyd edib ki, sözügedən hadisədən sonra bəzi KİV-lərdə informasiya yayılıb ki, Xudat Sərhəd Dəstəsinin rəisi Rövşən Səfərov da həmin avtomobildə olub: “Guya Səfərovla digər avtomobildə olanlar arasında insident baş verib və Xudat sakinləri buna etiraz olaraq aksiya keçiriblər. Əslində isə Rövşən Səfərov həmin avtomobildə olmayıb və Xudatda da heç bir aksiya keçirilməyib. Sərhəd Xidmətinə məxsus avtomobildə isə yalnız sürücü olub”.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

***
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bu gün Xaçmaz rayonun Xudat şəhərində etiraz aksiyasının keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O, ANS PRESS-in bölgə müxbirinə açıqlamasında bildirib ki, Xudat şəhərində etiraz aksiyasının keçirilməsi ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil: “Xudatda baş verən hadisə iki maşının toqquşmasından və sürücülər arasında yaranmış mübahisədən irəli gəlib. Bu, adi yol qəzası olub və sürücülər arasında anlaşılmazlıq yaranıb. Dövlət Sərhd Xidmətinin Xudat dəstəsinin rəisi ilə bağlı yayılan məlumatlar da həqiqətə uyğun deyil. İki maşın toqquşub və sonda bir-biri ilə dil taparaq ayrılıblar”.

İcra başçısı bildirib ki, sadəcə qəzanın baş verdiyi yerdə çoxlu sayda adam olub: “Bu məsələ müəyyən qüvvələr tərəfindən süni şəkildə şişirdilir”.

Xatırladaq ki, Xaçmaz rayonunda gərginlik yaranıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı özünün Facebook səhifəsində Müsavat Partiyasının Xaçmaz təşkilatının sədri Heybət Əmrah paylaşıb. Onun yazdığına görə, Dövlət Sərhəd Xidmətinə aid hərbi hissənin Rövşən adlı komandiri Xudat yolunda avtoqəza törədib. Səbəbkarın özünün olmasına baxmayaraq, hərbçı maşından düşərək nalayiq ifadələr işlədib. Qəza iştirakçısı olan digər avtomobildə qadın və uşaqların olması da onu sakitləşdirməyib. Ətrafdakılar hərbçinin hərəkətlərinə etiraz etdikdə o, təhqiramiz ifadələrini Xudat əhalisinə şamil edib. Bu isə emosiyaları daha da qızışdırıb və əhali baş verənlərə etiraz olaraq Xudatın mərkəzinə axışıb.