Xaçmazda keçidin bağlanması etiraza səbəb oldu

xacmazda-kecidin-baglanmasi-etiraza-sebeb-oldu
Oxunma sayı: 643

Kənd sakinləri deyir ki, Müşkürdən dəmiryolu vağzalına qədər 10-a yaxın kənd var ki, onların hamısına cəmi 3 dəmiryolu keçidi düşür. 10 kəndin isə 10 mindən çox əhalisi üçün avtomobillərin keçməsindən ötrü olan 3 keçid azlıq təşkil edir.

Xaçmaz şəhər İcra Hakimiyyəti başçısının Müşkür ərazisi üzrə icra nümayəndəsi Polad Bədəlov kənd sakinlərinin etirazını haqlı sayır. Sakinlərin tələbi ondan ibarətdir ki, bu keçidi bağlamaqdansa şlaqbaum qoysunlar.

Xaçmaz şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Akif Mərdanov isə bildirdi ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi rayon ərazisindəki dəmir yol xətlərinin üzərində yerləşən keçidlərin bağlanmasına qərar verib. Amma bununla bağlı rayon rəhbərliyi ilə dəmir yol rəhbərliyi arasında danışıqlar davam edir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov isə deyir ki, Lökbatan qəsəbəsində marşrut avtobusu ilə qatarın toqquşması ilə baş verən bədbəxt hadisədən sonra nəqliyyat naziri dəmir yolunun balansında olan bütün keçidlərin yoxlanılması tapşırığını verib. Araşdırmalardan sonra isə 396 keçidin olduğu məlum olub. Onun sözlərinə görə, bu keçidlərin 318-i qorunmayan, 78-i isə qorunan keçiddir.

“O araşdırmalardan sonra 46 keçid bağlandı. İndi Xaçmazda da monitorinqlər aparılır. Yoxlanılacaq və əgər avtomobillərin hərəkəti intensiv olarsa, keçid bağlanmayacaq” deyən Nadir Əzməmmədov onu da bildirdi ki, əgər sözügedən ərazidə keçidin bağlanılmasına ehtiyac olmasa, onda mövcud keçidə yeni şlaqbaumlar qoyulacaq./anspress/