“Xadimə bağça müdirəsi təyin olunmayıb, amma ...” - Açıqlama

xadime-bagca-mudiresi-teyin-olunmayib-amma-
Oxunma sayı: 2859

Bir neçə gün əvvəl mediada Qazax rayonu İkinci Şıxlı kəndində xadimənin bağçaya müdirə təyin olunması ilə bağlı məlumat dərc olunub.

Xəbərə görə, təyinat rayonun icra başçısının sərəncamı əsasında baş tutub. 

“Qafqazinfo” məsələ ilə bağlı kəndin 1 saylı uşaq bağçası ilə əlaqə saxlayıb. Zəngimizə cavab verən Nərgiz Qurbanəliyeva özünü bağça müdirəsi kimi təqdim edib. Bildirib ki, bağçada rəhbərliklə bağlı dəyişiklik olmayıb, hazırda işinin başındadır.

Xadimə isə mətbuatda yazıldığı kimi müdirə yox, tərbiyəçi təyin olunub:

“Məhəbbət xanım 30 ildən çoxdur ki, bizim bağçamızda xadimədir. Yayılmış informasiya yanlışdır. O, müdirə yox, işdən azad olunan Sədaqət Rəsulovanın yerinə tərbiyəçi təyin olunub. Şəhid ailəsidir və icra orqanları belə məsləhət görüb. Gəlini isə onun yerinə xadiməçi təyin olunub”.

Günel Hacı