Xadimə işləmək üçün tanış lazımdır

xadime-islemek-ucun-tanis-lazimdir
Oxunma sayı: 3905

Seymur Verdizadə

İndi haqq dünyasında olan yazıçılardan biri 10-12 il əvvəl əlini çiynimə qoyub, belə demişdi: “Sovet hökuməti olmasaydı, bizi dağda qurd-quş yeyərdi”.

Təəccüblə ona baxdığımı görəndə, əlavə izahat vermək məcburiyyətində qalmışdı: “1943-cü ildə atam müharibədə həlak oldu. Anam bu dərdə dözmədiyi üçün 3-4 il sonra dünyasını dəyişdi. Amma biz ölmədik. Sovet hökuməti bizə həm ata oldu, həm ana”.

Onun nə demək istədiyini yenə anlaya bilmədim. Həmsöhbətim isə mətləbin üstünə gəlməyə tələsmirdi. Bu dəfə də söhbətə uzaqdan başladı: “Əvvəl pioner olurduq, sonra komsomol. Partiyaya keçəndən sonra qarşımızda “yaşıl işıq” yanırdı. Dövlət təhsil verdiyi heç bir gənci işsiz qoymurdu. Beş-altı ilə ev-eşik, oğul-uşaq sahibi olurduq. O vaxt problem indiki qədər çox deyildi. Problemimiz olanda da bizim əvəzimizə hökumət düşünürdü”.

Yaşlı adamların əksəriyyəti sovet dövrünün nostalgiyası ilə yaşadığı üçün ona çox əhəmiyyət verməmişdim. Çünki indi olduğu kimi, SSRİ zamanında da sosial ədalətsizlik vardı. Şair və yazıçılar, rəssamlar, musiqiçilər, aktyorlar rəsmi ideologiyaya xidmət etdiklərinə görə nisbətən yaxşı yaşayırdılar. Zavallı kəndli, əliqabarlı fəhlə indi olduğu kimi, o vaxt da ömrünü sıxıntı içərisində başa vururdu. Amma bunları dilimə gətirməyə macal tapmamış həmsöhbətim sözünün canını dedi: “İndi azad təyinat dövrüdür. İş tapa bilməsən, acından öləcəksən. Nə qədər yaxşı yazsan da, pulun yoxdursa, heç kim sənin kitabını çap etməyəcək. Sovet vaxtı isə yazdığımız kitabı həm pulsuz çap edir, həm də yaxşı qonorar verirdilər. İndikindən fərli olaraq, SSRİ dövründə heç kim bir tikə çörəyə möhtac deyildi”.

Bu söhbəti təsadüfən xatırlamadım. Son vaxtlar gündə ən azı 2,5 saat canlı efirdə oluram. Hansı mövzunun müzakirə edilməsindən asılı olmayaraq, mən öz sözümü deyir, mütərəqqi saydığım ideyaları təbliğ edirəm.

Ömür vəfa etsə, 40 il də bundan sonra deyəcəm ki, insan halal zəhməti ilə dolanmalı, mərdimazarlıq etməməli, yıxılan adama əl uzatmalıdır. Nə yaxşı ki, halal zəhməti ilə dolanmaq, körpə balalarını alnının təri, gözünün nuru ilə böyütmək istəyənlər az deyil. Amma bu, heç də hamıya müəssər olmur. YAP-çı dostlarım inciməsinlər, onlar özlərindən başqa heç kimi düşünmürlər. Hər gün verilişdən sonra iş üçün mənə ən azı beş-altı adam müraciət edir. Bu adamların heç biri nazir, icra başçısı, məktəb direktoru olmaq istəmir.

Onların ən böyük arzusu ev tikmək, yol çəkmək, küçə süpürmək, qab yumaqdır. Amma bu ölkədə xadimə işləmək üçün də tanış lazımdır. Üç uşaq anası olan bir qadını işə düzəltmək üçün ötən həftə restoran müdiri işləyən bir tanışıma müraciət etsəm də, bu günə kimi müsbət cavab ala bilməmişəm.

İndi bildinizmi, insanlar niyə sovet dövrünün nostalgiyası ilə yaşayırlar? Mərhum yazıçı dostumun da dediyi kimi, SSRİ zamanında onların əvəzinə hökumət düşünürdü. Amma indi hökumət qulluğunda olanlar elə bilirlər ki, onları bu vəzifəyə ancaq öz arvad-uşaqlarının qeydinə qalmaq üçün təyin ediblər...