“Xaliq Faiqoğlu” MMC-də yeni mövsümün başlanması ilə bağlı tədbir - Video

xaliq-faiqoglu-mmc-de-yeni-movsumun-baslanmasi-ile-bagli-tedbir
Oxunma sayı: 3851

Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC-də yeni tədris ilinin və payız-qış mövsümünün başlanması və MMC-nin təsis edilməsinin 12-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şirkətin əsas istehsalat bazası olan Təmir Mərkəzində baş tutan maarifləndirici tədbirdə sürücü-dispetçer heyəti ilə yanaşı, nəzarət, texniki xidmət və digər struktur bölmələrin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Xaliq Faiqoğlu” MMC-nin təsisçisi Faiq Seyidov Bakı şəhərində son 3 il ərzində ictimai nəqliyyat sahəsində həyata keçirilən yeniliklər və layihələr haqqında məlumat verib. 

Şirkət rəhbəri avtobusların sayının artırılaraq intervalın minimuma endirilməsi, təmir mərkəzi tərəfindən avtobusların texniki cəhətdən saz vəziyyətə gətirilməsi, daxili interyerin təmizliyi və dezinfeksiyası istiqamətində vacib tədbirlərin həyata keçirildiyini əlavə edib və bildirib ki, sürücülər tərəfindən yol-hərəkəti qaydalarına eləcə də, nizam-intizam və sərnişinlərlə davranış qaydalarına ciddi əməl edilməlidir: “Şirkət gün ərzində 300 mindən çox sərnişinə xidmət göstərir. Bu insanların hər birinin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması bizim ən əsas vəzifəmizdir. Siz sürücülər sərnişinlərə qarşı hər zaman diqqətli və mehriban olmalısınız”.

Sonda F.Seyidov dövlət başçısı İlham Əliyevə sahibkarlara verdiyi dəstəyə və yaradılan şəraitə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbərliyinə isə şirkət tərəfindən həyata keçirilən layihələrə hər zaman dəstək verdiyi üçün təşəkkür edib.

Qeyd edək ki, “Safa Holdinq” şirkətlər qrupunun tərkibində olan “Xaliq Faiqoğlu” MMC Bakı şəhərində 15 ilə yaxındır sərnişindaşıma fəaliyyəti göstərən ən böyük özəl daşıyıcı şirkətdir. Şirkətin istismarında olan 14 marşrut xəttindən 9-da elektron ödəniş sistemi tətbiq olunur. “Xaliq Faiqoğlu” MMC bu ilin sonuna kimi istismarında olan bütün xətlərin “Bakı Kart” elektron ödəmə sisteminə keçirilməsini nəzərdə tutub.