Xalq artisti məhkəmədə ifadə verdi

xalq-artisti-mehkemede-ifade-verdi
Oxunma sayı: 3601


"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlər - Müşfiq Kazımov, Rasim Qəhrəmanov, Emin Məmmədov, Elşad Muradov və Ceyhun İbrahimovun cinayət işinə baxılıb.

Zərərçəkənlər isə xalq artisti, aktyor Taryel Qasımov, İTV-nin keçmiş əməkdaşı, jurnalist Rahim Qədimov və Bikə İsmayılova ifadə verib.

Məlum olub ki, xalq artisti Quest.net şirkətinə iş üçün 500 manat, jurnalist 900 manat, Bikə İsmayılova isə 2000 manatdan çox pul verib. Bir müddət sonra isə heç bir gəlir əldə etmədikləri halda onlardan əlavə pul tələb olunub. Bundan sonra onlar aldadıldıqlarını başa düşüblər.

"Quest.net"in işçiləri ilə bağlı daha bir məhkəmə prosesi aparılır. Həmin prosesdə isə 14 nəfər təqsirləndirilir.

Bu prosesdə ifadə verən 3 nəfər zərərçəkən isə hazırki 5 nəfər təqsirləndirilən şəxsi tanımadıqlarını və onlardan şikayətçi olmadıqlarını bildiriblər.

Onlar digər prosesdə təqsirləndirilən 14 nəfərlik qrup üzvləri tərəfindən aldadılıb.

Zərəçəkən Mərdan Camalov da ifadə verərək bildirib ki, 2012-ci ildə Quest.net şəbəkə biznesinə qoşulub. Sonra isə kürəkənləri, qardaşı və həyat yoldaşı da şəbəkəyə qoşulub. Həyat yoldaşı üçün qardaşına 550 manat pul verib məhsul sifariş ediblər. Lakin məhsul gecikib, sonra isə məhsulu alıblar.

M.Camalov hazırda şikayətçi olmadığını deyib.

Növbəti məhkəmə prosesi mayın 14-ü saat 11-ə təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə ittiham edilirlər. Cinayət işi üzrə 37 nəfər zərərçəkən var. Ümumilikdə zərərçəkənlərə 83 min manat ziyan dəyib, dəymiş ziyan ödənilib.

Murad Əhməd