Xalq artistlərinin titulu ləğv edilsin!

xalq-artistlerinin-titulu-legv-edilsin
Oxunma sayı: 7835

Ülkər İsmayılqızı

Elə insanlar var ki, onlar müqəddəsdir, toxunulmazdır. Amma 21-ci əsr elə bir zamandır ki, bu əsrdə toxunulmaz heç kim və heç nə yoxdur. Əgər biz min illərdir, əsrlərdir milyonlarla insanın müqəddəs hesab etdiyi peyğəmbərlərə, doqmalara, totemlərə, kultlara asanlıqla qarşı çıxa biliriksə, onları tənqid hədəfinə çeviririksə, niyə sıradan bir artist haqqında deyilməsi lazım gələn sözləri deməkdən çəkinməliyik?
Ona görə ki, o artistin dalında hansısa siyasi aparat, hansısa mafiya, yaxud da kriminal avtoritet dayanır?! Lap heç kim dayanmır, amma əgər o bir “xalq artisti” titulunu daşıyırsa, bu, o deməkdirmi ki, onun imtiyazı “nənəm mənə kor dedi, hər yetəni vur dedi” fəlsəfəsini dəyənəyə çevirməyə səlahiyyət verir?!

Bu mövzuya heç girməyəcəkdik. Şou-biznesi gözardı etməsək də, günümüzü şou-biznesə kökləyənlərdən də deyilik. Söz insandan düşəndə bizim üçün dəyər insanlıqdır, söz sənətdən də düşəndə, dəyər elə sənətin özüdür. Biz şəxsiyyətə şəxsiyyətinə görə, sənətkara da məhz sənətinə görə hörmət edirik. Bu elə belə də olmalıdır. Könül istərdi ki, son günlərin sevimli mövzularının episentrində dayanan müğənni, “xalq artisti” İlhamə Quliyevaya da, onun həmkarlarına da məhz sənət və sənətkar rakursundan baxaq. Amma onlar, Azərbaycan cəmiyyəti üçün çoxdan sənət və sənətkar çərçivələrini keçiblər. Onlar, həm də “xalq artisti”dirlər. Günümüzdə heç kəsə sirr deyil ki, bizim ölkədə “xalq artisti” də daxil olmaqla, bütün titullar siyasi tituldur, peşə ilə çox az əlaqəsi var. Bu ölkədə titullar təkcə layiq olan adamlara verilmir ki. İlhaməyə də, onun həmkarlarına da bu titulun təkcə sənətinə görə verilmədiyi artıq aksiomdur.

Biz İlhamə və onun həmkarlarının şəxsiyyətini müzakirə etməyəcəyik, heç sənətini də. Çünki filosoflar deyirlər, insan pareto optimal yaradılıb. Hər şey bir insana verilməz. Birinə çox ağıl verilər, var-dövlət verilməz, gözəl qamət, yaraşıqlı sima verilər, şəxsiyyət verilməz, sağlamlıq verilər, pul verilməz, möhşəm səs verilər, mərhəmət ruhu verilməz. Biz İlhamə (zəruri bir qeydi edək ki, İlhamə adının əvəzinə istənilən başqa adı da qoya bilərik. Burada İlhamə bir misaldır, ümumiləşmədir, konkret eyni adı daşıyan şəxsə aid deyil -m.) mövzusunu ona görə müzakirə edəcəyik ki, o, rəsmən bizim də bir hissəsi, kiçik bir elementi olduğumuz bu xalqın artisti adını daşıyır. Bu ad ona dövlət başçısının imzası ilə verilib. Bu ad ona çoxlu imtiyazlar tanıyır. O, bu ada görə, bizim gəlirlərimizdən ödədiyimiz vəsaitlər hesabına formalaşan dövlət büdcəsindən pul alır. İndi bizim konstitutsion hüququmuzdur ki, bu adamı bir xalq artisti olaraq müzakirə predmetinə çevirək. Onun addımlarını, hərəkətlərini, danışdığı sözün məsuliyyətli olub-olmadığını qiymətləndirək.

Əvvəla “Xalq artisti” (eləcə də əməkdar artist və ya başqa titullar) titulu daşıyan adam o adın məsuliyyətini dərk etməlidir. Çünki o, təkcə özünü deyil, həm də xalqı təmsil. Bu başqa söhbətdir ki, xalq ona təmsilçilik haqqını verib, ya yox. Hər halda Prezidenti xalq seçdiyi, ona öz adından qərar qəbul etmək səlahiyyəti verdiyi üçün, xalq məcburdur ki, Prezidentin bu qərar və sərəncamları ilə razılaşsın. Amma xalq həm də o hüquqa sahibdir ki, Prezidentin qərarlarına etirazını bildirsin, ondan hansısa məsələlərdə geri addım atmağı tələb etsin. İndi ya zəlzələdən, ya da vəlvələdən mərhum prezident Heydər Əliyev İlhaməyə “xalq artisti” adını verib. Bəlkə də o özü sağ olsaydı, bir gün İlhaməni qarşısına alıb, amiranə səslə “yığışdır bu ağlına gələn oyunları, axı sən xalq artistisən, sənə yaraşmaz” deyərdi. İlhamə də yerinə oturardı, çalışardı, hər addımını elə ölçüb-biçsin ki, ikinci dəfə ümumxalq liderinin qəzəbi ilə qarşılaşmasın.

Amma illər ötüb, nə İlhamə, nə də o titulu daşıyan bir çoxları onlara verilən bu böyük siyasi imtiyazın məsuliyyətini dərk ediblər. İndi Heydər Əliyevin siyasi varisi İlham Əliyevə də, sələfinin qərarlarına yenidən baxmaq, vaxtı keçən, əl-ayağa dolaşan, lazımsız-lüzumsuz, onun hakimiyyətinə ləkə gətirən şeyləri təmizləmək düşər. Bu, elə İlham Əliyevin özünün imzası ilə verilən fəxri adlara da aiddir. Biz inanmırıq və inanmaq da istəmirik ki, bu gün ölkə gündəmini öz reket əməlləri ilə, hər cür etikadan, hüquqdan kənar davranışları ilə zəbt etmiş “xalq artistləri” İlham Əliyevin könlünə, zövqünə görə olan sənətkarlar və insanlardır.

Liderlər o adamlardırlar ki, onlar yeri gələndə hər şeyin fövqünə yüksəlməyi bacarırlar və keçmişin səhvlərini müdafiə etmək əvəzinə düzəltməyə çalışırlar. İlhamə, eləcə də günü həm onunla, həm də başqaları ilə davalarda, intriqalarda, hər cür etikadan, əxlaqdan kənar əməllərdə keçən digər titullularla sərt dildə danışmağın zamanıdır. Biz xalq olaraq illərdir medianın, ölkənin gündəmini zəbt etmiş manısların, qondarma ulduzların, şöhrətindən sui-istifadə edərək ölkədə qadın alverindən tutmuş reketliyə qədər çeşidli kriminal əməllərə bulaşmış bu titullu adamların qurbanına çevrilmişik. Bizim balalarımız, böyük bir gələcək nəsil ilhamələrin, aygünlərin, rəqsanələrin, mətanətlərin, röyaların, maralların, daha kimlərin media vasitəsilə cəmiyyətə sırınan əxlaqı ilə böyüyür, formalaşır.

Biz xaricdəki şou-biznes ulduzlarının şəxsi həyatları, intriqaları ilə tanış oluruq, amma həm də zaman-zaman onların öz ölkələri və dünya səviyyəsində etdikləri xeyriyyə əməlləri ilə tanış oluruq. Qonşu Türkiyədən tutmuş Hollivuda qədər tanıdığımız məşhur insanlar öz qazanclarının xeyli hissəsini xeyriyyə işlərinə yönəldirlər. Öz sənəti, məşhurluğu ilə qazandığı pullara Afridakı ac uşaqları yedizdirən nümunələr var dünyanın sənət, şou-biznes gündəmində. Bəs bizim titullu sənətçilərimiz hansı incə, humanitar davranışları ilə bizim xalqın balalarına nümunə olublar?! Onların siyasi hakimiyyətə, Prezidentə yalançı təriflərindən, yaltaqlanmalarından başqa hansı faydalarını görmüşük? 5-10 mahnı oxuyub, sponsorların və Allah bilir başqa nələrin hesabına məşhur olan bu adamların, az qala 50-si cəm halda informasiya texnologiyaları və kibernetika alimi Rafiq Əliyevin saçının bir telinə dəymir. İndi bunlar hansı haqla rafiq əliyevləri yetirən bir xalqın varlığı ilə, kimliyi ilə, gələcəyi ilə belə məzələnirlər?! Hansı haqla?! O haqlamı ki, Prezident öz sərəncamı ilə onlara sərhədsiz imtiyazlar verib?!

Hər bir imtiyazın, hər bir adın sərhədi var və olmalıdır. Prezidentin özünün belə atdığı addımlar, etdiyi əməllər qanun deyilən nəsnə ilə sərhədlənirsə, onun sərəncamlarının doğurduğu artistlər üçün niyə sərhədlər, çərçivələr olmasın ki?! Əlbəttə, titulları olan şəxslərin kimlərsə qarşısında günahı, cinayəti varsa, onu məhkəmə yarğılamalıdır. Amma titullu şəxslərlə bağlı bir də “ictimai nüfuz” anlayışı var. İctimai nüfuzu ictimaiyyət müəyyən edir. Əgər bu gün ictimai etiraz, ictimai rəy bu titullu şəxslərə qarşıdırsa, onda Prezident də ən azı öz imicini qorumaq üçün bu rəylə hesablaşmalıdır.

Bu gün ictimai rəy İlhamə Quliyeva başda olmaqla bir qrup titullu artistin əleyhinədir. Əksəriyyət sosial şəbəkələrdə, ictimai tədbirlərdə ciddi şəkildə “xalq artisti” adını daşıyan adamların xalqın adına yaraşmayan hərəkətlər etməsinə etiraz edir. Biz də xalqın bir nümayəndəsi olaraq düşünürük ki, əgər biz xalqıqsa, bu adamlar bizim artistimiz ola bilməzlər. Biz bir vətəndaş olaraq konstitutsion tələbimizi səsləndiririk: Cənab Prezident, bu artistlərin adının qabağından “xalq” sözünün yığışdırılması barədə sərəncam verə bilərsiniz?! Yaxud da, onları titullarına yaraşmayan hərəkətlərə yol verdiklərinə görə, bu titullardan azad edə bilərsiniz?!