“Xalq Əmanəti” bu dəfə Səttar Bəhlulzadəyə həsr olundu

xalq-emaneti-bu-defe-settar-behlulzadeye-hesr-olundu
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, Xalq Bankın təqdim etdiyi “Xalq Əmanəti” layihəsinin növbəti təqdimat mərasimi keçirilib.

Layihənin sayca altıncı nəşri Xalq rəssamı Səttar Bəhlulzadənin zəngin sənət irsinə həsr olunub. Tədbirdə ölkəmizin bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Bankın nəşr etdiyi “Rəngkarlıq və qrafika” albomu Səttar Bəhlulzadə yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edir və ustadın əsərlərini, indiyədək nəşr olunmayan gündəliklərindən materialları toplu halında sənətsevərlərə təqdim edir.

Xatırladaq ki, ASC “Xalq” Bankının 2010-cu ildə başladığı “Xalq Əmanəti” layihəsi Azərbaycan mədəniyyətinin parlaq nümayəndələrinin yaradıcılığına müraciət etməklə sənətsevərlərin dərin rəğbətini qazanmışdır. Nəşr olunan kitabların yüksək bədii dəyəri və nəfis tərtibatı onların istənilən kitab rəfində öz layiqli yerini tutacağına əminlik yaradır.

Qeyd edək ki, böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin ekspozisiyası Xalq Bankın İnşaatçılar prospekti, 22L ünvanda yerləşən Baş Ofisində, oktyabr ayının 13-dən dekabrın 18-dək fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Ekspozisiyaya giriş sərbəstdir.

Günel