“Xalq Əmanəti” layihəsində “Aşıq Ədəbiyyatı Antologiyası” - Foto

“Xalq Əmanəti” layihəsində  “Aşıq Ədəbiyyatı Antologiyası”
Oxunma sayı: 1175

“Xalq Əmanəti” layihəsi çərçivəsində ASC Xalq Bankı “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunu nəşr edib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan xalqının mədəni irsinin sütunlarından biri olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlər lüğəti öz əksini tapıb.

"Aşıq haqq aşığıdır", "aşıq el anasıdır", "aşığa zaval yoxdur", "aşığın dilinə yasaq yoxdur", "aşığın sözü haqq sözüdür", "aşıq gördüyünü çağırar" kimi daşlaşmış el kəlamlarından aşığın cəmiyyətdə, el-oba arasında nə qədər böyük tarixi status, mötəbər mövqe daşıdığı aydın görün­məkdədir. Əlbəttə, belə yüksək ehtiramın çeşidli səbəbləri vardır. Burada  xalqın tarixi-mədəni yaddaşını qoruyub daşımaqdan tutmuş, zəngin həyat təcrübəsindən gələn müd­rik kəlamlarla, hikmətamiz ustadnamələrlə çevrə­dəkilərin mənəvi tələba­tını ödəmək, lirik-aşiqanə qoşma-gəraylılarla gözəllik və məhəbbət zövqü aşıla­maq kimi çoxsaylı amillər əsas rol oynamışdır.

Aşıq xalqın ruhunu, mənəvi varlığını dərindən bildiyi və məhz xalqın ürəyindən keçənləri dilə gətirdiyi üçün xalq onu el anası adlandırmışdır. El ana­­sı olan aşıq elin-xalqın psixologiyasını, əxlaq qanunlarını, yüzillərin sına­ğından keçmiş mənəvi dəyərlərini, həyat təcrübəsindən doğan müdrik düşün­cə­lərini özünün düzüb qoşduğu şeirlərdə elə bir ölçü-biçiylə, poetik mizan içəri­sində təqdim etmişdir ki, xalq həmin sözləri ustad kəlamı, ustad sözü - ustad­namə sayaraq dilinin əzbərinə çevirmişdir.

Yüzillər boyunca xalqın həyat tərzinin, duyum və düşüncə bi­çi­minin əsas axarını bahadırlıq, cəngavərlik təşkil etdiyindən etnik-mə­nəvi sistemin güzgüsü olan folklorda, o cümlədən də dastançılıq ən­ənəsində qəhrəmanlıq motivinin geniş və qabarıq yer alması təbii-ta­rixi zərurətdən irəli gəlmişdir. Alplıq – bahadırlıq təbliğ-tərənnüm edən nəhəng oğuznamə silsiləsindən (mərkəzdə «Kitabi-Dədə Qor­qud» boyları olmaqla!) «Koroğlu» eposuna, qaçaq dastanlarınacan öz aparıcı mövqeyini qoruyub saxlayan qəhrəmanlıq motivi qədim türk-oğuz cəmiyyətindəki yaşamaq, mövcud olmaq təsəvvürünün sonrakı tarixi dövrlərə etnik-irsi daşıyıcısı funksiyasını yerinə yetirmişdir. Dastan təfəkkürü istisnasız olaraq bahadırlıq düşüncəsinin obrazlaşdırılmasına yönəldiyindən həmin mərhələyə məxsus epik ənənənin özəyində qəhrəmanlıq motivi və bu motivin ifadəsi olan çeşidli qəhrəmanlıq süjetləri durur. Sonrakı tarixi dövr­lərdə epik düşüncədə lirik təmayül də müəyyən yer tutmağa başlayır, bu zaman məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan, bir növ hər iki motivin qovuşuğunu əks etdirən dastanlar ortaya çıxır. Epik ən­ənədə lirik təmayülün güclənməsi sırf məhəbbət motivinə bağlı das­tanların meydana gəlməsi ilə də nəticələnir. Orta çağ aşıq ədəbiyyatı məhəbbətin gerçək və simvolik – fəlsəfi-ürfani anlamlarını qovuşuğa gətirərək özünəməxsus sənət keyfiyyətlərinə malik məhəbbət das­tan­ları ortaya çıxardı. Məhəbbət dastanları spesifik süjet və kompozisiya tərkibinə malik olan orijinal epik folklor örnəkləridir.

Aşıq poeziyamızın, eləcə də dastanlarımızın diqqət çəkən bir  özəlliyi də saz-söz yaddaşında vətən coğrafiyasının, tarixi mahal və yurdlarımızın, mü­qəd­dəs, ulu torpaqlarımızın sıx-sıx yer al­masıdır. Dastan qəhrəmanları Təb­­rizdən, İrəvandan, Dərbənddən, Gəncədən, Qarabağdan, Qaradağdan, Naxçı­van­dan, Tiflis-Bor­çalıdan, Çıldır-Ağbabadan, Göyçədən, Şirvandan, Muğan­dan, Urmiyadan, Zəncandan, Qarsdan, Səlmasdan, Mərənddən, Mara­ğadan hərəkətlənib yaxın-uzaq elləri  dolaşırlar. Yüzilliklərdən daşınıb gələn aşıq poeziyası Azərbaycanın tarixi coğra­fiyasını, vətən xəritəsini doğru-dürüst əks etdirən ən mötəbər qaynaqdır. Bu mənada aşıq poeziyasının tarixi mənzərəsində həm də Azərbaycanımızın birliyi, bütövlüyü, ayrılmazlığı qərarlaşıb.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi