Xalq nəzarəti drujinaları

xalq-nezareti-drujinalari
Oxunma sayı: 2168

Azər Qismət

Leonid Qaydayın “I əməliyyatı” filminə baxmamış olmazsıznız. Orada ərzaq bazasının yarılması yerində bir səhnə var. Şurik bazada hal-qəziyyəni görəndən sonra fit çalır və bu zaman Morqunov hadisə yerinə gəlir. Qolundakı yarlığı göstərib deyir ki, “mən drujinnikəm”. (Hərçənd o vaxtlar “drujinnik” sözü tam tərcümə edilməmişdi, indi də tərcümə olunmayıb). Yaxud, rus filmlərindən birində iki nəfər dava edir, milis yaxınlaşaraq qışqırır ki, “şahid varmı?”. Bir nəfər irəli çıxıb deyir ki, “mənəm şahid, nə baş verib?”. Bu səhnədə ziddiyyətli səhnə özünü onda göstərir ki, həm şahid kimi özünü cəmiyyətdə lazımlı adam olmasını nümayiş etdirir, həm də lazımsız adam kimi məsələdən hali deyilmiş.

O illərdə Xalq Nəzarəti Drujinalarının yaradılması və fəaliyyətinin əsas səbəbi qanunsuzluqların vaxtında aşkarlanaraq tədbir görülməsindən ibarət idi. “Drujinnik”lər hər yerdə idilər: bağçada, məktəbdə, institutda, zavod və fabriklərdə, hətta hamamda. Bu azmış kimi milis orqanlarının əməkdaşları məktəblərdə uşaqlara bu barədə təbliğat aparardılar. Şagirdlərə izah edərdilər ki, “nəsə qanunsuzluq görsəniz, bu barədə dərhal məlumat verin”. Şagird hara məlumat verə bilər?! Əlbəttə ki, direktora, zavuça. Sinif nümayəndəsinin qırmızı yarlığından həmin könüllülər də qoluna bağlayıb dəhlizlə o tərəf bu tərəfə gəzərək gözlərini ağardıb nəzarət edirdilər. Açığı, həmin uşaqlardan çəkinərdik. Dərsə girməyib futbol oynayanda, yaxud kinoteatra gedəndə həmin könüllünün ixtiyarı çatırdı ki, mexanikə əmr verib filmi yarıda saxlatsın, işıqları yandırıb sinif yoldaşlarını axtarsın. Həmin uşaqlara bunun üçün pul verilmirdi. Sonralar dərinliyə gedib düşünəndə həmin uşaqları anladım. Düzdür, bəziləri direktorun hörmətini qazanmaq üçün belə edirdilər, bəziləri həqiqətən də qanunçuluğun tərəfdarı idilər. Həmin uşaqlar böyüdülər və indi də “nemes” kimidirlər. İllər bu adamları dəyişməyibsə, deməli dəmir intizam qanlarında imiş. Xaraktercə belə doğulublar, belə də öləcəklər. O illərdə qanunsuz əməllər törədənlər qanunun tərəfdarı olan və bu barədə məlumat verən adamlara qəsdən “demaqoq” adı vermişdilər. Həmin adamları, təkrar edirəm, qəsdən “demaqoq” çağırıb gözdən salırdılar.

Yeni fərmana əsasən hər hansı qanunazidd addımlar barədə polisə məlumat verilməlidir. Gəlin, etiraf edək ki, onsuz da polisin özünün hər məhəllədə adamları olur. Dərinliyə varanda bunsuz keçinmək də mümkün deyil. Cinayətin vaxtında açılması üçün bu lazımdır. Buna sözüm yox.

Fərmanda göstərilir ki, həmin adamlar vəsiqə ilə təmin ediləcək və buna görə maliyyə vəsaiti də nəzərdə tutulub. Düzdür, belə adamlara cəmiyyətdə, qohum-əqraba arasında pis baxılacaq, hətta gözdən salmaq üçün hər cür söz deyiləcək, amma çəkinəcəklər. Əslində, həmin qınayan adamlar gündə neçəsini satır. Yəni, kim deyirsə ki, bizdə satmaq söhbəti yoxdur, var. Alt qatda çoxdur. Gəlin səmimi olaq.

Beləliklə, könüllülər qanunazidd əməl barədə hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Burada bir təklif vermək istərdim. Prosesin bir az təkmilləşdirilməsinə ehtiyac yaranacaq. Xalq nəzarətçiləri bilməlidir ki, onun xəbəri araşdırıldımı, qanunsuiz əməllər törədənlər cəzalarına çatdımı? Bir sözlə, xəbər boşa gedib havaya uçmadı ki? Ümumiyyətlə, bu işlə məşğul olmayan şəxslər həmişə konkret nəticə gözləyəcəklər. Bu bir. İkincisi, həmin adamların təhlükəsizliyi qorunmalıdır. İnformasiyanı çatdıran şəxsin anonimliyi qorunmalı və mənbə qanunsuz əməllər törədənlərə deyilməməlidir. Güman edirəm ki, belə də olacaq. Yaxud, sərfəli olmayan informatorun məvacibi kəsilməyəcək ki? Yaxın gələcək bunu göstərəcək.

O ki qaldı ictimai qınağa, açığı deyək ki, adamlar qorxur. Məsələn, siqaret çəkən uşağı danlayırsansa, sənə elə söyüş söyər ki, ya gərək onu döyəsən, ya da ötüb keçəsən. Ya da özünü metroda yuxuluğa qoyub ağbirçək-ağsaqqala yer verməyən əjdaha boyda gəncləri necə danlayasan? Adama elə söz deyərlər ki, dəymişin qala-qala kalın tökülər, yaş yuyub quru sərərlər. Demək istəyirəm ki, adamlar daha əvvəlki adamlar deyil. Şüurlar dəyişib, mənəvi aşınma baş alıb gedir. Şagirdi ilə siqaret çəkən, erməni ilə rəqs edən adama milli-mənəvi dəyərlər barədə söz demək daş-qayaya söz demək qədər eynidir. Adamların özündə də tənbəllik var. Evində işığı sönür, qazı gəlmir, lifti işləmir, bu barədə müvafiq quruma zəng edib məlumat vermir. Gözləyir ki, bunu kimsə onun əvəzinə edəcək. Halbuki, rus 2 qəpiyinin kəsilməsinə görə də narazılığını bildirir. Şüurumuz dəyişməlidir. Bir uşağı danlayırsan və atası sürüb üstünə gəlirsə, onda bu məsələnin həllində çətinliklər ortaya çıxacaq.

İctimai nəzarətin həlli üçün bir təklif də verim. Facebookda İctimai Nəzarət adlı səhifə yaradılsın. Adamlar gördüklərini ora yazıb, qanunsuz əməllərlə bağlı fotolar yerləşdirsinlər. Səhifəyə çıxarılması mümkün olmayan məsələlər isə inboxa – adminə ötürülsün. Səhifənin haker hücumlarından qorunması üçün xüsusi təhlükəsizlik sistemi qurulsun. Admin tərəfindən hər gün problemin həlli ilə bağlı səhifədə məlumat verilsin. Adamlar görsə ki, şikayətləri araşdırılır, fotolarına dair təhqiqat aparılır, onda ürəklənəcəklər. Və fəallıq daha da artacaq. Görsələr ki, nəticə yoxdur, onda bu məsələdə inam azalacaq. Özü də nəzərə alaq ki, adamlar klaviatura arxasında çox ürəkli olurlar. Qoluna yarlıq bağlayıb məhəllədə gəzib-dolanmaq bir az çətinlik yaradacaq.