“Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi”

xalqimiz-son-15-ilde-gorulen-islere-oz-yuksek-qiymetini-verdi
Oxunma sayı: 838

“11 aprel prezident seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını bir daha nümayiş etdirdi. Xalqımız son 15  ildə görülən işlərə öz yüksək qiymətini verdi. Bu müddətdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq  hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər”. 

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

Onun sözlərinə görə, ərazi baxımından kiçik olan bir dövlətin bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətində olması, ən əsası inkişafın Azərbaycan modelindən bəhs edilməsi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir:

“Dövlətimizin başçısı cənab İlham Əliyev andiçmə mərasimində  bir daha diqqəti bu reallığa yönəltmişdir: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

11 aprel prezident seçkilərində xalqımızın fəal iştirakı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə dəstəyi görülən işlərə verilən yüksək qiymət, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə  dəstək kimi  də dəyərləndirilir”.

V. Rəhimzadə qeyd edib ki, andiçmə mərasimində seçkilərdə göstərilən etimada görə Azərbaycan xalqına  dərin təşəkkürünü bildirən  cənab İlham Əliyev bu dəstəyin ona güc verdiyini, bu dəstəyə arxalandığını bildirərək  əminliklə qeyd edib ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcək.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, son 15 ildə sabitliyin, təhlükəsizliyin təminatı əsas məsələ kimi öndə olub.

Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan 15 ildə özünün dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirib:

“Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlər, Azərbaycandan dünyaya ünvanlanan mesajlar  bir daha  bu həqiqəti ortaya qoydu ki, Azərbaycan  hər addımı, eyni zamanda, gerçəkləşdirdiyi layihələri ilə dövlətləri, xalqları daha da yaxınlaşdırır, birgə səylərin  qarşıya qoyulan məqsədlərə nə kimi yol açdığını  dünyaya çatdırır. 

Azərbaycanda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər, forumlar, konfranslar ölkəmizi dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim edib. İlham Əliyev bütün bunlarla bağlı bildirir: “Bu, bizim həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında bu istiqamətdə  aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən biridir".

V.Rəhimzadə bildirib ki, bu gün həll olunmamış yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: 

“Son 15 ildə əldə etdiyimiz diplomatik uğurlar, ordumuzun artan gücü və qüdrəti bu problemimizin də yaxın vaxtlarda öz ədalətli həllini tapacağına böyük əminlik yaradır.  2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Cocuq Mərcanlıya qayıdış  işğal altında olan bütün torpaqlarımıza Böyük Qayıdışa əminliyi daha da artırdı. Bu gün Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir.  Dövlətimizin başçısı bildirir: “Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır””.

Baş redaktor əlavə edib ki, fəaliyyətində bu hədəfləri əsas tutan Yeni Azərbaycan Partiyası 11 aprel prezident seçkilərində İlham Əliyevin qələbəsi ilə bir daha qələbələr partiyası olduğunu təsdiqlədi:

“Müstəqil Azərbaycanımızın hər uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası özünün əvəzolunmaz Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana növbəti 7 ilin hədəflərinə öz töhfəsini verməklə uğur səhifələrini daha da zənginləşdirəcək”.