Xanəndələrin ölümü ilə bağlı - 3 nəfər də saxlanıldı

xanendelerin-olumu-ile-bagli
Oxunma sayı: 10655

Bərdədə törədilən dəhşətli qətl və intiharın düyünləri açıqlamağa başlayıb. Həmin gün, avqustun 1-də gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayıldı.

Sonradan isə məlum oldu ki, baş verənlərin yol nəqliyyat hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Yayılan xəbərlərə görə,  Novruz Hüseynov öz xanəndə dostu Miryusif Mirizadəni çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra idarə etdiyi avtomobili qəzaya uğradıb. Sonra isə Qarabağ kanalına gələrək, intihar edib.

"Qafqazinfo" xəbər verir ki, “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, olay Novruz Hüseynovun evində baş verib. Orada Novruz Hüseynovun yeni maşın alması ilə bağlı məclis olub. Məclisdə yaranan mübahisə zəminində belə bir qanlı olay meydana gəlib. Ailənin tək övladı olan Miryusif Mirizadə öldürülüb. Sonradan baş verənlər isə cinayətin ört-basdır edilməsinə xidmət edən addımlar olub. Hadisənin şahidləri və mümkün iştirakçıları sırasında ev sahibi Novruz Hüseynovun yaxınlarının olması haqda da dəqiqləşməmiş məlumatlar var. Belə iddialar da var ki, qətllə əlaqədar Novruz Hüseynovun qardaşı Elçin Hüseynov və daha 3 nəfər də istintaqa cəlb edilərək saxlanılıblar. Qətllə bağlı istintaq hərəkətləri Baş Prokurorluğun xüsusi nəzarətinə götürülüb.

Mərhum Miryusif Mirizadənin dayısı oğlu, tanınmış xanəndə Səbuhi İbayev baş verən dəhşətli olayla bağlı bunları deyib: “Biz də bilirik ki, bu, qətldir, avtoqəza deyil. Hüquq-mühafizə orqanlarından bizə də konkret bir söz deməyiblər. Bərdə Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Biz də eşitmişik ki, hadisə ailəsinin gözünün qabağında olub. Amma dəqiq bir məlumat verilməyib. Gözləyirik”.

Mərhum Miryusif Mirizadənin əmisi Mirsəməd Mirizadə deyib ki, Novruz Hüseynov hadisədən əvvəl Bakıda maşın alıb və qardaşı oğlundan birgə rayona getmələrini xahiş edib: “Qardaşım oğlundan da xahiş edib ki, maşınla rayona getsinlər. O da xahişini yerinə yetirib. Orada nə baş verdiyini dəqiq bilmirik. Bizim məlumatımız yoxdur”.

M.Mirizadə deyib ki, hadisədən sonra Novruz Hüseynovun qardaşının saxlanılması ilə bağlı onlara hər hansı bir məlumat verilməyib.

O deyib ki, hadisədən sonra onlara qardaşı oğlunun qəzaya düşməsi haqda məlumat verilib: “Ekspertlər isə bədəni üzərindəki xəsarətləri görəndən sonra deyiblər ki, bu xəsarətlər avtoqəzalıq deyil. Yəni bıçaqla qətlə yetirilib. Bundan sonra araşdırmağa başlayıblar. Hələlik dəqiq bir məlumatımız yoxdur”. 

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, N.Hüseynovun meyiti ərazidəki çobanın ifadəsindən sonra Qarabağ kanalında axtarılmağa başlayıb: “Həmin çoban istintaqçılara deyib ki, qəzadan sonra ərazidə 2 dəfə ”Ay Allah" xitablarını eşidib və suya kiminsə düşdüyü qənaətini formalaşdıran səslər eşidib. Çoban Novruz Hüseynovun özünü kanala atmasını görməyib. Sadəcə, səs eşidib. Bunu istintaqçılara deyəndən sonra kanalda axtarışlara başlanıb. Novruz Hüseynovun meyitini kanalın Ağcabədidən keçən hissəsində aşkar ediblər".

Qaynağımız olayın sankı əvvəldən hazırlanan plan üzrə gerçəkləşdirildiyini də bildirib.

Miryusif Mirizadə və Novruz Hüseynov yaxın dost olublar. Olaydan 2 gün sonra Novruz Hüseynovun qardaşı Azər Hüseynov ATV-yə açıqlama verərək qardaşının sənət yoldaşı Miryusif Mirizadəni öldürməsi ilə bağlı məlumatlara inanmadığını bildirmişdi. Demişdi ki, qardaşı Miryusif Mirizadəni ondan çox istəyib. Azər Hüseynov bu işdə müəmmaların olduğunu da diqqətə çatdırmışdı. “Mən qardaşımın belə bir cinayəti törədəcəyinə inanmıram” - deyə bildirmişdi. Əlavə etmişdi ki, cinayətin törədilməsində şübhələndiyi başqa şəxslər var: “İnşallah, hüquq-mühafizə orqanları cinayətin əsl səbəbkarlarını tapacaq”.

Sayt məsələ ilə bağlı Bərdə Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan açıqlama verməyiblər. Baş Prokurorluğun mətbuat xidmətindən də hər hansı bir şərh verilməyib.

Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.