Xaqani və Sabir bağlarında pulsuz internet xidməti istifadəyə verildi

xaqani-ve-sabir-baglarinda-pulsuz-internet-xidmeti-istifadeye-verildi
Oxunma sayı: 642

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib. Belə ki, bu gündən etibarən Xaqani və Sabir bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, bu günlərdə keçiriləcək “Formula 1” Azərbaycan Qran Pri yarışı ərəfəsində paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq layihə çərçivəsində intensiv işlər görülərək tamamlanıb.

Qeydiyyat sistemi təkmilləşdirilərək optimallaşdırılıb. İndi istifadəçilər mobil telefon, notebook, planşet və s. portativ cihazlardan daha rahat və sürətli formada şəbəkəyə qoşula bilər.

Artıq pulsuz internetə qoşulanların sayı 250 mini ötüb.

Yaxın zamanda Hüseyn Cavid parkı, Qış parkı, Dədə Qorqud parkı və Zabitlər bağı da pulsuz internetlə təmin ediləcək.

Qeyd edək ki, mart ayından istifadəyə verilən ictimai internet şəbəkəsi Dövlət Bayraq Meydanı və “Ağ şəhər” zonası daxil olmaqla Dənizkənarı Milli Parkın böyük hissəsində, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı və Sahil bağı ərazilərində aktiv edilib.