Xaricdə təhsil almaq istəyənlərə son şans

xaricde-tehsil-almaq-isteyenlere-son-sans
Oxunma sayı: 643

Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva çərşənbə günü Trend-ə deyib ki, hazırda Azərbaycanda nanotexnologiya, kənd təsərrüfatı, kimya mühəndisliyi, dəqiq elmlər üzrə kadrlara daha çox ehtiyac olsa da, bu sahələr üzrə xaricdə təhsil almaq üçün müraciət edənlərin sayı çox azdır.

"Valideynlərə müraciət edərək deyirəm ki, bu sahələr daha perspektivlidir, bu sahələrdə iş tapmaq daha asan olacaq. Bizə Dövlət Neft Fondundan, müxtəlif xarici təşkilatlardan neft-kimya sahəsi üzrə mütəxəssis istəsələr də, biz onu tapıb verə bilmirik. Halbuki bu sahədə çalışanların əməkhaqqı humanitar sahədə çalışanların əməkhaqlarından çoxdur. Ona görə də tövsiyə edirik ki, bu sahələrə çox diqqət yetirilsin. Nəzərə alınmalıdır ki, neft sahəsi Azərbaycanda prioritet sahədir. Seçim zamanı neft sənayesi, neft-kimya mühəndisliyi, nanotexnologiya, fizika, dəqiq elmlər sahəsində müxtəlif ixtisaslara biz özümüz də üstünlük veririk", - Əliyeva deyib.

O bildirib ki, bu il bir neçə nəfərin çox ehtiyac duyulan nanotexnologiya, biologiya, kimya mühəndisliyi üzrə xaricdə təhsil almaq üçün müraciət etməsi çox sevindiricidir.

Şöbə müdirinin fikrincə, xarici dil bilməmək də gənclərin prioritet istiqamətlər üzrə xaricdə təhsil üçün az müraciət etməsinə səbəb olur. Ona görə ali məktəblər də bu problemi aradan qaldırmaq üçün çox iş görməlidirlər.

Əliyeva hesab edir ki, problemi aradan qaldırmaq üçün ali məktəblər özləri müxtəlif dil kursları aça bilərlər. Bu sahədə nazirlik də məktəblərə kömək edə bilər.

Nazirlik rəsminin qənaətincə, Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün xarici dil bilməmək problemi aradan qaldırılsa, bu məktəbdən xaricdə kənd təsərrüfatı sahəsi üzrə təhsil almaq üçün müraciət edənlərin sayı artar. Əliyeva gələn ilədək bu problemlərin müəyyən qədər öz həllini tapacağına ümidvar olduğunu qeyd edib.

O, əlavə edib ki, bu günədək "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1204 nəfər təhsil almaq hüququ qazanıb. DP çərçivəsində təhsil almaq üçün müraciət edənlər ən çox tibb ixtisasını seçirlər. Bu sırada sonrakı yerləri isə informatika və iqtisadiyyat sahələri tutur.