“Xarici ticarətlə məşğul olan sahibkarların sayı 74% artıb”

xarici-ticaretle-mesgul-olan-sahibkarlarin-sayi-74-artib
Oxunma sayı: 899

Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı, ixracyönümlü qeyri-neft məhsullarının istehsalı, ixracın strukturunun şaxələndirilməsi, istehsalda və ixracda özəl sektorun payının artırılması məqsədi ilə görülən işlər barədə məlumat verib. Bildirilb ki, həyata keçirilən tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunda ixrac 2017-2018-ci illərdə 36,5%, 2019-cu ilin 5 ayı ərzində isə 17,8% artıb. Bu ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37,6% artıb. Qeyri-neft sənaye məhsulları ixracının artığını qeyd edən nazir müavini bu sahədə digər mexanizmlərlə yanaşı, sənaye parklarının rolunu da qeyd edib və burada istehsal olunmuş 1,4 milyard manata yaxın məhsulun 267 milyon manatlıq hissəsinin ixrac olunduğunu bildirib. Azərbaycanın ixrac məhsullarının çeşidlərinin artdığını vurğulayan nazir müavini Rüfət Məmmədov Azərbaycandan 2166 adda məhsulun xarici bazarlara çıxarıldığını diqqətə çatdırıb. Bununla yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı da artır. Belə ki, bu ilin 5 ayı ərzində xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların sayı 74% artaraq 18,4 minə çatıb.

Rüfət Məmmədov qeyd edib ki, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur. Qeyri-neft ixracının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası təşkil edilib. Azərbaycan məhsulları indiyədək 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar əldə edilib, müqavilələr imzalanıb.

Bundan başqa, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici ölkələrdə Azərbaycan ticarət və şərab evləri yaradılır. Belə ki, 2017-ci ildə Belarusda, 2018-ci ildə Ukrayna, Latviya, Polşa və Çində, bu ilin yanvar ayında isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan ticarət evləri açılıb. Bu ticarət evlərinin hər birində müxtəlif növ Azərbaycan məhsullarının daimi sərgisi, Çinin Urumçi və Şanxay şəhərlərində Azərbaycan şərab evləri fəaliyyət göstərir. Bu şəbəkənin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu ilin sonunadək Qazaxıstanın Nur-Sultan şəhərində ticarət evinin, Rusiyada və Çində şərab evlərinin açılması nəzərdə tutulur.  

Məlumat verilib ki, bu il 4 xarici ölkəyə 5 ixrac missiyası təşkil olunub. Belə ki, cari ilin ilk aylarında  Azərbaycan ixrac missiyası Çin, Polşa, Latviya və Qətərdə olub. 2019-cu ilin iyun və iyul aylarında isə İsveçrənin Surix və Bern şəhərlərinə və Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyası təşkil olunacaq.