Xaricilər ideyalarımızı oğurlayır...

xariciler-ideyalarimizi-ogurlayir
Oxunma sayı: 1256

Azər Qismət

Amerika Birləşmiş Ştatlarının prezidenti Ruzveltin hakimiyyəti illərində “beyin axını” anlayışı unuduldu. O, ziyalıların ölkədən çıxmasına imkan vermədi. Bəyan etdi ki, başında ideyası olan istənilən şəxs ölkədə qalıb Vətənə xeyir verməlidir. Elm adamları və incəsənət xadimləri onun sözünə inanıb xaricə üz tutmadılar. Öz ideyalarını ölkə yolunda xərclədilər. İşlər bununla yekunlaşmadı. Ruzvelt götəriş verdi ki, xarici ölkələrdə yaşayan, hər hansı ideyası olan şəxs Amerikaya gətirilib eldoradoya bürünsün.

1992-ci ildə Azərbaycanda təhsil alan bir tələbə oğlandan müsahibə götürmüşdüm. Oğlan plastik əl ixtira etmişdi. Lazımı düymələr vasitəsilə bütün barmaqlar hərəkətə gəlir və kəsik əl sağlam əldən fərqlənmirdi. Həmin illərdə ölkədə ideyaları qəbul edən qurum yox idi. Tələbə oğlan əlacsız qalmışdı. Nəhayət, Yaponiya səfirliyinə müraciətindıən sonra bu işlə maraqlandılar, oğlanı çağırıb ixtirasını nəzərdən keçirdilər. Təxminən dörd ildən sonra tələbə oğlanın yaxınlarından eşitdim ki, azərbaycanlı oğlan artıq Tokioda yaşayır. Və özü də yaxşı yaşayır.

Hər bir ölkənin inkişafı həm də ideyaların vaxtında dəyərləndirilməsindən ibarətdir. Məsələn, ABŞ başdan-ayağa ideya manifakturasıdır. Orada heç bir ideyaya laqeyd yanaşılmır. Ən azından çağırıb maraqlanırlar. Əgər doğrudan da həmin kəşfin və ixtiranın sənayedə tətbiqi alınarsa, bundan ölkəyə milyon dollarlarla xeyir gələrsə, qəbul olunur. Nəinki, qəbul olunur, üstəlik həmin məhsulun istehsalından əldə edilən gəlirin 5 faizi müəllifin hesabına köçürülür. Deməli, bir ideya bir insanın həyatını büsbütün dəyişir.

Bəzən Albert Eynşteyni ideya oğurlamaqda da günahlandırırlar. Məsələ burasındadır ki, o illərdə Eynşteyn patentləşdirmə idarəsində çalışar, həmin müddət ərzində gənclərdən də müxtəlif kəşf və ixtiralara dair proqramlar qəbul edərmiş. Belə bir ehtimal irəli sürülür ki, Eynşteyn gənclərlə gizli sövdələşməyə girib ideyaları özünküləşdirərmiş. Amma istənilən halda ortada gizli sövdələşmə olsa da, həm məşhur alim, həm də gənc qazanarmış. Ümumilikdə isə ölkəyə xeyir gələrmiş.

İndi elə bir dövrdür ki, istənilən ideyaya qarşı biganəlik nümayiş etdirmək olmaz. İdeya havada qalacaqsa, ona sahiblənən xarici ölkələr tapılacaq. Çünki bu dünyada işlənməyən mövzular qalmayıb, yaxud tükənməkdədir. Əzəldən təbii ehtiyatları olmayan ölkələr ideyaları tez götürüb sənayedə tətbiq edirlər. Pul göydən gəlmir, nə də heç bir ölkə digərinə kömək etmir. Ona görə də belə ölkələr kəşf və ideyaları necə deyərlər göydə tuturlar. İdeyaların oğurlanmasında kəşfiyyatçılar da əziyyət çəkirlər. Atom bombasından tutmuş hər hansı pampersin istehsalına dair oğurluqlar və müəllif hüquqlarına görə hələ də davam edən məhkəmə çəkişmələri dediklərimə sübutdur.

Bayaq Yaponiyanın adını çəkdim. Yaponiya Kurosavanın filmlərindəki kimi samuraylardan və düyü plantasiyalarından ibarət olub. Və heç kimin ağlına gəlməzdi ki, illər keçəcək həmin ölkə dünyanın elektron bazası rolunu oynayacaq, hər gün yeni kəşflər ortaya çıxacaq. Hamıya elə gəlirdi ki, yapon ağlı heç nəyə qadir deyil. Yaxud, Cənubi Koreyanı götürək. 50 il bundan əvvəl həmin ölkənin başının üstündəki qara buludlar çəkilmirdi. O mənada ki, Koreya get-gedə uçuruma yuvarlanırdı, ölkə borc içində batırdı. Tezliklə, ideyalardan ibarət manifakturaya çevrildi, inkişaf etdi. Əlbəttə, burada Qərb amilini də nəzərdən qaçırmaq olmaz. Düzdür, Qərbin nəzarətində olan ölkəyə mütəxəssislər göndərildi, zavod və fabriklər quruldu. Üstündən illər keçəndən sonra məlum oldu ki, koreyalıların özü də az aşın duzu deyil. Ölkə vətəndaşları ideyalar verib ölkənin inkişafını sürətləndirdilər.

Əgər kimsə düşünürsə ki, biz ideya vermək cəhətdən zəifik, yaxud buna təxəyyülümüz çatmır, yalan söhbətdir. Kimsə deyirsə ki, avtomobildən tutmuş robot istehsalına qədər bizlik deyil, dünyadakı praktikaya baxmaqla görmək olar ki, bu fikirlər cəfəngiyyatdır. Ölkəmiz müharibə şəraitində yaşayır. Kiminsə yeni modern silah ideyası ola bilər, bəlkə də var. Belə olan surətdə yeni ideya və patentləşdirmə qurumunun yaradılmasına zərurət yaranır. İdeya qəbul edilir, üzərində işlənilir, səmərəsinin perspektivi tam nəzərdən keçiriləndən sonra hökumətə təqdim edilir. Belə münasibət adamları dəyişdirəcək. İnanıram ki, azacıq təxəyyülü olan insan da qazanmaq istəyəcək. Axı, biz qazanmağı çox sevirik. Az müddət ərzində adamlardan ideyalar daxil olacaq. Çünki pul həmişə lazımlıdır. İnsana da, dövlətə də.