“Xərçəng”i yayan “11 sentyabr” terroru - Fotolar

“Xərçəng”i yayan “11 sentyabr” terroru
Oxunma sayı: 3127

11 sentyabr 2001-ci ildə ABŞ-da törədilən terror aktının üzərindən 18 il ötür. Həmin ilin bu günündə Əl-Qaidə terror təşkilatı Nyu-York və Vaşinqton şəhərlərində əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə qarşı silsilə terror aktları həyata keçirib.

Yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalıb.

"Qafqazinfo" xəbər verir ki, 11 sentyabr terrorundan 18 il keçməsinə baxmayaraq, həmin hadisə hələ də insanların ölümü ilə nəticələnir.

Belə ki, "Əkiz qüllələr"in çökməsi nəticəsində ətrafa yayılan kimyəvi maddələr xərçəng xəstəliyinə səbəb olub.

Həftələrlə Manhattan səmasında qalan zəhərli toz buludu həmin ərazidə yaşayan insanların xərçəng və digər ciddi xəstəliklərə yoluxmasına yol açıb.

Hücum nəticəsində 2750 nəfərdən çox insan həlak olub. Amma terror aktı nəticəsində müxtəlif xəstəliklərə düçar olaraq ölənləri də nəzərə alsaq, bu rəqəm daha çoxdur.

Həyatda qalanlar üçün yaradılan "Dünya Ticarət Mərəzi Sağlamlıq Proqramı" çərçivəsində 10 min nəfərə xərçəng diaqnozu qoyulub. 2019-cu ilin iyun ayınadək hadisə yerinə sonradan çatan 21 min nəfərin adı da proqrama daxil edilib. Onlardan 4 mininə xərçəng xəstəliyi diaqnozu qoyulub. Ən çox rast gəlinən xəstəlik isə prostat və dəri xərçəngidir.

"Əkiz qüllələr"ə olduqca yaxın bir yerdə işləyən Jacquelin Febrillet də bu şəxslərdən biridir. Hadisə baş verən il o, 26 yaşında olub. 15 il sonra isə Febrilletə xərçəng xəstəliyi diaqnozu qoyulub. 

“Hücum vaxtı orada idim. O gündən indiyədək hər gün işə gedib-gəldim. Nəsə ola biləcəyini bizə heç vaxt demədilər”, - deyə zərərçəkən bildirir.

2001-ci ildə 19 yaşı olan Riçard Fahrer hadisə baş verən gün orada olmasa da, 2 il sonra Manhattanın cənubunda çalışıb. Hazırda 37 yaşı olan Fahrerə də 8 ay əvvəl xərçəng diaqnozu qoyulub.

Səhiyyə mütəxəssisləri hər pasientdə xərçəng xəstəliyinin səbəbinin dəqiq öyrənilməsini mümkünsüz hesab edir. Ancaq reallıq odur ki, xəstəliyə yaxalanlar daha çox hadisələrin baş verdiyi ərazilərdə işləyənlər və yaşayanlardır. Mütəxəssislər xəstəliyə yoluxanların sayının artacağını istisna etmirlər. Bu səbəbdən ABŞ Prezidenti müddəti gələn il bitəcək təzminat fondunun fəaliyyətini 2090-cı ilə qədər uzadıb.

Qeyd edək ki, bir xəstəyə təxminən 240 min dollar təzminat verilir. Ölən şəxsə görə verilən təzminatın dəyəri isə 682 min dollardır.

Emin Səfərov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi