Xəstə psixologiyasından sui-istifadə edənlər

xeste-psixologiyasindan-sui-istifade-edenler
Oxunma sayı: 1873

Dünya Sakit

Sağlamlıq, səhhət insanın ən zəif yeridir. Canı ağrıyan hər kəs üzləşdiyi bəladan qurtulmaq üçün əlində-ovcunda olanları verməkdən çəkinmir. Daha doğrusu, məcbur olur cansağlığını bərpa etmək üçün olan-qalanını xərcləsin.

Danılmaz bir həqiqət var: hətta ən əlacsız xəstənin belə ürəyində sağalacağına olan ümid sona qədər yaşayır. Bu ümid bəzən yaşam eşqinə çevrilib insanın sona qədər mübarizə aparmasına, nadir hallarda da olsa, xəstəliyə qalib gəlməsinə nədən olur. Lakin belə hallar mində, bəlkə də milyonda bir baş verir. Nə qədər acı da olsa, əksər hallarda xəstəlik daha güclü çıxır...

İnsanlarda olan sağalmaq ümidi hamıdan daha yaxşı həkimlərə tanışdır – hər gün onlarla xəstə ilə təmasda olurlar. Sağalmaq istəyən adamın bütün imkanlarını buna sərf etməyə hazır olduğu da həmçinin. Kiçik istisna ilə, xaricdə həkim xidmətindən yararlanmamışam, buna görə də oralarda həkimlərin bu ümid və məcburiyyətdən necə istifadə etdiklərini bilmirəm. Bilənlərin dediyinə görə, hər yerdə həkimlər sağalmaq ümidindən məhz xəstəni sağaltmaq üçün yararlanırlar.

Çox təəssüflər olsun ki, həkimlərlə təmas təcrübəm bilavasitə Azərbaycanla bağlıdır. Və bu təcrübədə xüsusilə son vaxtlar bir amansızlıq, xəstə psixologiyasından sui-istifadə getdikcə önə çıxır. Dövlət xəstəxanasında da, özəl klinikalarda da vəziyyət eynidir: həkimlər(az bir qismi istisna olmaqla) xəstəliyi şişirtməklə insanları nəyi var qorxudur, maksimum çox pul qopartmağa çalışırlar. Dövlət və özəl xəstəxanalar arasında bircə fərq var – birincilərdə xəstə və xəstə yaxınlarından hamı(qapıçıdan tutmuş təmizlikçiyədək) pul qopartmağa cəhd edir, bu zaman hər hansı sənəd verilmir. Özəl xəstəxanalarda isə pulu bir mənbəyə ödəyirsən, yəni soyğunçuluq sənədləşir...

Əvəzində dövlət xəstəxanalarında xəstə yanında qalıb ona qulluq etmək pulsuzdur, özəl klinikalarda bunun üçün qalan adamdan 30-50 manat arası pul tələb olunur. Dövlət xəstəxanalarında əməliyyatdan sonra xəstəni azı 3 gün saxlayırlar, özəl klinikalarda 1 gündən sonra qalınan hər gün üçün 50-100 manat arası pul istəyirlər. Arif olub qabaqcadan şərti şumda kəsməyəndə özəl klinikalar əməliyyatqabağı və sonrası lazım olan bütün analizlər, müayinələr üçün əlavə pul alırlar. Təəssüf ki, heç də hamının vəziyyətdən xəbəri olmur, gündə yüzlərlə, bəlkə də minlərlə insan bu soyğunçuluğun qurbanı olur.
Düzünü deyim, özəl klinikalardakı biabırcasına soyğunçuluq barədə dəqiq təsəvvürüm yox idi. Son vaxtlarda özümün və yaxınlarımın timsalında bu acı təcrübəni yaşadım və sözün həqiqi mənasında dəhşətə gəldim. Amansızcasına, heç bir rəhm etmədən, qarşıdakının ağrılarından, əlacsızlığından maksimum pul qopartmaq üçün istifadə olunur. 

Düzdür, bütün özəl klinikalarda eyni vəziyyətin olduğunu iddia etmirəm. Bildiyim qədəriylə, xəstələrlə daha insani davranan klinikalar da var. Bu günlərdə bir analizin qiyməti ilə maraqlanarkən, 4 müxtəlif  klinikada 16-34 manat qiymət intervalı gördükdə bunun şahidi oldum. Lakin təəssüf ki, burada da yaxşıların sayı çox azdır. Necə deyərlər, dəryada damladır.

Düşünürəm ki, bu vəziyyətə son qoymağın yeganə yolu icbari tibbi sığortanın tətbiqidir. Sığorta sistemi bu sektorda ədalətli qiymətləri,ədalətli yanaşmanı bərqərar edə biləcək başlıca yoldur. İnşallah ki, hökumətimiz pilot mərhələsini tezliklə arxada qoyaraq icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinə başlayacaq. İnşallah ki...