“Xətai” stansiyası 1 illik bağlanır

xetai-stansiyasi-1-illik-baglanir
Oxunma sayı: 2306

Təmir işləri ilə əlaqədar metronun “Xətai” stansiyası bağlanacaq. “Qafqazinfo” “Bakı Metropoliteni” QSC-nin saytına istinadən xəbər verir ki, 50 illik fəaliyyət dövrünü tamamlamış stansiyada istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Həmçinin stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.

"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, stansiya 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək.