Xeyirəyaramaz, simic müğənnilər

xeyireyaramaz-simic-mugenniler
Oxunma sayı: 2980

Raminə Eyvazqızı

Türkiyənin məşhur siması Gülben Ərgəni tanımayan yoxdur. Üc uşaq anası, müğənni, aktrisa, teleaparıcı və xeyiriyyəçiliyi ilə çoxunu özünə heyran edən bu qadından bizdə niyə yoxdur? Gülbən Ərgən pulu pul üstünə qoyanlardan deyil. Beş ildə “çoçuklar gülsün deyə” şüarı altında Türkiyədə yığdığı ianələr əsasında 27 məktəb tikdirə bilib, özü də dağ kəndlərində.

Məktəb tikdirmək azmış kimi qadın bu yaxında elə bir kitab yazıb ki, içindəki həyat dərsindən faydalanmaq olar. Kitabın adı belədir: “Öyrəndim ki, sözü yemindin iyi insanların”. Və bu qədər insanlara faydalı ola-ola necə sadə olmaq olarmış, bax bunu gərək bizimkilər mütləq öyrənə. Axı bizimkilər(əlbəttə ki, hər kəsdən söhbət getmir) arasında “bir dənəyəm” epidemiyası yayılıb. Gülbənsə deyir ki, bir dəqiqə danışmağımı da insanlara fayda üçün istifadə etməliyəm, bu bir fürsətdir.

Dünyada Gülbən kimi içində mərhəmət və insan sevgisi daşıyan onlarla məşhur var.

Barmağımızı qatlayıb hansısa müğənnimizin xeyriyyəçiliklə məşğul olduğunu deyə bilərikmi? Daimi yox, ara-sıra. Toy-büsatdan min manatlarla pul qazananları kiminsə işinə yarayıbmı? Aygünüdü, Rəqsanəsidi, Nadiridi, Faiqidi və sairə. Lap İlhamə Quliyevasıdı, Səməd Səmədovudu…..Bunlar zaman dəyərini belə bilmirlər. Uşaq, insan belə nədi bilmirlər, ən əsas xalq və xalqın olmağını bilmirlər. Hamısı bir dənədi, səviyyələri həqiqətən də, nadirdi.

Xeyriyyəçilik ənənəsi bizim kəm olan tərəflərimizdəndir. Dəbərə bilməyən xanım müğənnilərimiz yağlı yerlərini kəsdirib atanda əməliyyata saydıqları pulun heç bir faizini də kiminsə balasının üzünü güldürməyə sərf etmədi. Bu yaxında Rəqsanəsi çox böyük pul tutan əməliyyata girdi, uğursuzluq qazandı, manatını kimsəyə qıymadı. Qızı özünü xalqın qızından fərqləndirdi, dedi, aya 60 min pul

xərcləyirəm. Yanlarını bahalı maşın oturacağına qoymaq üçün on minliklər sayanların cibindən kiminsə üzünü güldürəcək para çıxmadı. Xərcləmədən qazananların pulu elə xalqın, bizim əhlin qazancı deyilmi? Bir toyda fonoqramla oxuyan müğənniyə pullar sayan o boz camaatın ağlı da yoxdur axı.

Müğənnilərimizin təxminən 90%-i kəmsavaddır, xarici dil biləni yoxdur, dünya xəritəsini hələ tanımırlar. Bir –iki ölkə adını bilirlər, vəssəlam. Cümlə qura bilmirlər. Kitab yazmaq o tərəfə qalsın, onu alıb oxuyanı yoxdur. Hər axşamkı qazancı ilə qabağa getdiyini sanırlar. Kişi, qadın müğənnisi də eninin sahəsini böyüdür, başını uca etmək üçün xeyirə yaramağı oxumaq sanırlar. Sosial fəaliyyətdən uzaqdırlar. Yediyinin, içdiyinin kimyasını bilmək vacib deyil, amma öz yeməyin ilə imkansızın yeməyinn dəyərini bilmək olar. Bunun üçün maraqlanmaq lazımdı. Deputat olmaq istəyənlər kimi yox. Bir paltara, əski parçasına 10, 20 min manat

verməklə fəxr edən müğənni xalq sevə bilməz. Öz övladına bahalı maşınında tualet təşkil edəni, evində kanalizasiyası olmayan ailəyə yardım edə bilərdi. İldə bir dəfə yaşadığı ərazidə imkansızları tapıb onlara səssiz yardım etmək bəs edərdi. Varmı beləsi? Villa tikdirməkdən , maşının modelini dəyişdirməkdən yorulmayan müğənnilər, deməyin ki, “pul mənimdi, özüm bilərəm”. Deyə bilməzsiz! İnsanlar olmasa, siz heç kimsiz. Sizə müğənni adını qazandıran onlardı. Elnarəsi bir su çəkdirdi. Böyük iş idi. Həmkarlarından səs çıxmadı. Axı hansının bunabənzər işi var ki, dillənsin də. Bir-birinin hər işinə, qazancına, ev-eşiyinə paxıllıq edənlər, xeyiriyyəçilikdə də rəqabətə girin də. Siz başlayın ki, bəlkə məmurlar da kisələrinin ağzını açmağa ürək eləyə. Ay simiclər, eşidirsiz?