Xəzərdə qayıq aşıb, bir balıqçı itkin düşüb

xezerde-qayiq-asib-bir-baliqci-itkin-dusub
Oxunma sayı: 1072

Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, iyulun 27-də Sumqayıt şəhəri ərazisindən balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxmış 2 nəfərdən biri, 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdülrəhim oğlu geri qayıtmayıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, müəyyən olunub ki, qayıq Xaçmaz rayonu yaxınlığında küləyin təsirindən çevirilib. Qayıqda olan 1976-cı il təvəllüdlü Fərəcullayev Zaur Orucəli oğlu iyulun 28-də gecə saatlarında Xəzər dənizinin Rusiyaya mənsub hissəsində “Rəsul Həmzətov” gəmisi tərəfindən aşkar edilərək gəmi heyəti tərəfindən göyərtəyə qaldırılıb. İyulun 29-da xilas olunan şəxs Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə təhvil verilib.

Bu gün səhər saatlarında Ziyəddin Əhmədovun axtarışlarına başlanılıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Aviasiya dəstəsinin “Mi-17” helikopteri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.