Xəzərlə Azərbaycana gətirilən narkotik ələ keçirildi

xezerle-azerbaycana-getirilen-narkotik-ele-kecirildi
Oxunma sayı: 900

Noyabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb.

“Qafqazinfo” DSX-ya istinadən xəbər verir ki, Astara rayonu istiqamətində xidmət aparan Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisi tərəfindən balıqçı qayığının şübhəli hərəkətləri müşahidə olunub və üzmə vasitəsinin saxlanılması üzrə tədbirlər görülüb.

Sərhədçilərin “Dayan” əmrinə tabe olmayan balıqçı qayığı təqib edilərək saxlanılıb, qayıqdakı şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri 1969-cu il təvəllüdlü Mirzəyev Raqib Məzahir oğlu və 1978-ci il təvəllüdlü Əliyev Samid Pərviz oğlu olmaları müəyyənləşdirilib.

Qayığa baxış zamanı ümumi çəkisi 3 kq 720 qram olan bağlamanın içərisində 2 kq tiryək, 1 kq 510 qram heroin və 290 ədəd üzərində “Metadone-40” yazılmış dərman preparatları aşkar olunub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd