XİN-dən Laçının işğalının 26-cı ildönümünü ilə bağlı - Açıqlama

xin-den-lacinin-isgalinin-26-ci-ildonumunu-ile-bagli
Oxunma sayı: 974

Azərbaycan Respublikasının Laçın rayonunun işğalının 26-cı ildönümünü ilə əlaqədar XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.

"Qafqazinfo"nun məlumatına görə, açıqlamada deyilir:

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 18 may 1992-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal olunub.

İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. 

Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, qərarın 19-20-ci paraqraflarda Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.

Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.

Ermənistan nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır".