Xırdalanda Novruz yarmarkası təşkil olundu - Fotolar

xirdalanda-novruz-yarmarkasi-teskil-olundu
Oxunma sayı: 2340

Novruz bayramı ilə əlaqədar Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədilə martın 16-dan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Xırdalan şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib.

Yarmarkada əsasən rayonda istehsal olunan ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri satışa çıxarılıb.

Məhsullar alıcılara bazarlardakı qiymətlərdən 25-30 faiz ucuz təklif olunur.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova yarmarkaya baş çəkərək alış-veriş üçün yaradılan şəraitlə, məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıb, həm satıcılarla, həm də alıcılarla söhbət edib.

İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi, satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.