Xocalı soyqırımı ilə bağlı Finlandiya parlamentinə müraciət edildi

xocali-soyqirimi-ile-bagli-finlandiya-parlamentine-muraciet-edildi
Oxunma sayı: 1059

Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə qitədə yerləşən azərbaycanlı diaspor təşkilatlarının liderləri Finlandiyanın paytaxtı Helsinkidə tədbirlərə və yerli rəsmilərlə görüşlərə start verib.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu gün Finlandiya parlamentində Azərbaycanla parlamentlərarası Dostluq Qrupu ilə keçirilən görüşdə ilk olaraq Xocalı soyqırımına parlament tərəfindən hüquqi qiymətin verilməsi ilə bağlı müraciət də təqdim olunub.
 
Görüşdə Dostuq Qrupunun rəhbərlərindən deputat Eero Lehtinen, AAK prezidenti Sahil Qasımov, AAK İcraiyyə komitəsinin üzvləri Finlandiya Azərbaycan Assosiasiyasının həmsədrləri Vasif Muradlı, Arzu Muradlı, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, İsveç Azərbaycan diaspor rəhbəri Nadir Hollenbrand, AAK vitse prezidentləri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev, Almaniyadan Yaşar Niftəliyev, Danimarka Azərbaycan cəmiyyətinin sədri Səfər Sadiqi, Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarova, İsveç Azərbaycan cəmiyyətinin sədri Arzu Əliyeva, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova və digərləri iştirak ediblər.
 
Müraciətdə Ermənistan silahlıları tərəfindən 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımı barədə, bir sıra ölkələrin parlamentlərinin bunu soyqırımı kimi tanıması barədə məlumat verilib, bu ay soyqırımından 26 il keçməsinə baxmayaraq, hələ də səbəbkarların cəzalandırılmaması xatırladılıb.
 
Görüş zamanı Sahil Qasımov Finlandiya parlamentarilərinə Xocalısoyqırımının törədilmə səbəbi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarbağ və ətraf rayonları barədə məlumat verərək bildirib ki, beynəlxalq təşkilatlar ikili standartlara yol verir.
 
Rovşən Tağıyev isə çıxış edərək keçmiş SSRİ ölkələrindən Azərbaycan, Ukrayna, Moldova və Gürcüstanın separatizmdən illərdir əziyyət çəkdiyini xatırladaraq Finlandiyanı bu məsələdə mövqe bildirməyə çağırıb.
 
Görüşün sonunda S. Qasımov AAK-ın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Avropa ölkələrində yerli təşkilatlar və yerli rəsmi şəxslərlə görüşlərə start verildiyini bildirərək qeyd edib ki, Avropada yaşayan azərbaycanlılar artıq son bir ildə qitənin ictimai-siyasi həyatında yeni və daha fəal layihələrə start veriblər.