Xocalı soyqırımı necə tədris və təbliğ olunur?

xocali-soyqirimi-nece-tedris-ve-teblig-olunur
Oxunma sayı: 1182

Ötən əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı əksər humanitar fənlərin tədris proqramına daxil edilib. Bu günün tarix, ədəbiyyat kimi fənlərdə öz əksini tapması olduqca vacib məsələdir. Ədəbiyyat dərsliklərimizdə bu soyqırıma həsr olunmuş əsərlərin, hekayə və şeirlərin öz əksini tapması şagirdlərin milli vətənpərvərlik şüurunda böyüməsinə xidmət edər. Bu dəhşətli faciənin şahidi olmasalar da onlar bu ədəbi nümunələr vasitəsilə xalqımızın başına gətirilən müsibətləri görər, maariflənmiş olarlar. Düzdür həcmcə az olsa da əksər tarix dərsliklərimizdə Xocalı faciəsinə həsr olunmuş paraqraf var. Bəzi dərsliklərdə məlumat az olduğundan müəllimlər əlavə materillardan istifadə etmək məcburiyyətində qalır. Ümumiyyətlə bu faciə elə bir tarixdir ki, bunun tədrisi sistemli formada, məktəbəqədər təhsildən, ibtidai sinifdən tutmuş ali təhsilimizədək müəyyən həcmdə və qaydada verilməlidir. Bir məsələ var ki, 5-ci sinif tarix dərsliyində Xocalı faciəsinə ayrıca paraqraf ayrıldığı halda 11-ci sinif tarix dərsliyində isə məlumat həcmcə olduqca azdır. Soyqırımı əks etdirən materialların dərsliklərdə müəyyən yaş qrupları üzrə əhatəli və ya yığcam verilməsi ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı var. Ümumilikdə isə bu qanlı tarixin tədrisi məktəbəqədər təhsildən başlamalıdır. Hələ bu yaşdan uşağa insanın dəyəri anlatılmalı, cinayətin və qəddarlığın necə də pis nəticələrə gətirib çıxartdığı başa salınmalıdır.

Ümumiyyətlə bu mövzu təkcə soyqırım günündə deyil digər günlərdə də daim xatırlanmalı, yad olunmalıdır. Düzdür, əksər məktəblərimizdə Xocalı soyqırımı ilə əlaqədar anım günlərinə hazırlıq görülür, rəsm, inşa müsabiqələri keçirilir, tamaşalar hazırlanır. Lakin bu tədbirlər kütləvi formada, təkcə şəhər məktəblərində deyil, bölgələrimizdə də keçirilməlidir. Dərsliklərimizdən əlavə müəllimlərimizin də üzərinə böyük məsuliyyət düşür. Müəllimlərimiz bu gün haqqında məlumatları kifayət qədər olmalı, qəhrəmanlıq səhifələrimizi şagirdlərə danışmalı, onları bu ruhda təriyə etməlidirlər. Hər bir müəllim istər baxça uşağı, istər məktəbli, istərsə də tələbələri bu gün ilə bağlı məlumatlandırmalı, bu günü yad etməli, vətənpərvərlik hissləri aşılamalıdır. Bundan əlavə müasir dördə əsas təbliğat vasitəsi KİV-ləridir. İstər mətbuat, istər radio, istərsə də televiziya bu qanlı tariximizin təbliği istiqamətində çalışmalı və birgə fəaliyyət göstərməlidirlər. Soyqırım günündə kanallarımızda bu günə həsr olunan tarixi kinolar, tamaşalar uşaq və gənclərimizin milli ruhda böyüməsinə kömək edər . Nəinki bu gündə ümumiyyətlə digər günlərdə də televiziya kanallarımız milli ruhda olan verlişlər, kino və tamaşalar təqdim etməlidirlər. Lakin təəssüf olsun ki, bu yönümdə olan verilişlərimiz barmaqla sayılacaq qədərdir. Düzdür, son dövlərdə kino sahəsində olan irəliləyişlər tarixi filmlərimizin inkişafına təkan vermiş, bir çox tarixi sənədli, bədii filmlər çəkilmişdir. Buna ən gözəl nümunə isə Xocalı soyqırımına həsr olunan “Xoca” filmidir. Bu film sevgi və xəyanət, qəhrəmanlıq və qorxaqlıq, erməni yaraqlılarının və Rusiya ordusunun 366-cı motoatıcı alayının bizim torpaqlara gətirdiyi dəhşətli söz olan "soyqırımı" haqqındadır. Məhz kinoteatrlarımızda bu səpkili bədii və sənədli filmlərin nümayişi olduqca vacibdir. Biz bu mövzuda nə qədər çox maariflənmiş olsaq o qədər də səsimizi dünyaya çatdıra bilərik.

Ümumiyyətlə qanlı tarixlərimizin üzərindən illər keçdikcə nələrsə unudulmamalı, olduğu kimi yeniyetmə və gənc nəsilə çatdırılmalıdır. Bu gün yalnız faciə olaraq deyil həm də qəhrəmanlıq günü kimi təbliğ olunmalıdır.

Elmira Manaflı