Xocalıya yenə erməni hücumu

xocaliya-yene-ermeni-hucumu-
Oxunma sayı: 651

Buna baxmayaraq, gediləsi yolun hələ başlanğıcındayıq. Xarici ölkələrdəki səfirlərimiz az iş görmürlər, sadəcə bir qisim görüntünü izlədikdə hiss olunur ki, bəziləri Bakıya hesabat vermək üçün toplantı keçiriblər. Xarici ölkələrdə düzənlənən xatirə mərasimlərinə qatılanlara diqqət yetirdikdə əksəriyyətin elə azərbaycanlı olduğu aydınlaşır. Məqsəd özümüz deyib, özümüz eşitməkdirsə, buna nə ehtiyac var? Səfirlərin və diaspor qurumlarının əsas vəzifəsi həmin toplantılara yaşadıqları ölkənin sıravi vətəndaşlarını, siyasətçilərini və tanınmış ictimiayyət nümayəndələrini cəlb etməkdir.

Erməni lobbisinin ayıq olduğunu unutmamalıyıq. Ermənilərin Xocalı soyqırımı günü həyata keçirdikləri təxribatlardan sadəcə bir neçəsini xatırlatmaq istərdim. Ankarada Xocalı stendinin dağıdılmasının arxasında ermənipərəst komunist və kürdlərin çıxdığı bəlli oldu. Ardınca Fransanın parlament binasında “Sumqayıtın anım mərasiminin” keçirildiyi və toplantıya qatılan iki azərbaycanlı tələbənin döyülməsi xəbəri yayıldı. Daha sonra Çexiyadakı erməni lobbisi bu ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı sənədin qəbuluna mane oldu. Onlar Çexiya Xarici İşlər Nazirliyinə müraciət edərək, parlamentin xarici əlaqələr komitəsinin Xocalı soyqırımı ilə bağlı hazırladığı sənədin qəbulunun yolverilməzi olduğunu bildirdilər. Çexiya XİN-i də erməni lobbisinin istəyini qırmadı və tanınma prosesinə mane oldu. Bir başqa xəbər də Litvadan gəldi. Bu ölkənin parlamentində “Qarabağın dostları” adında qrupun formalaşdığı açıqlandı.

Bu ərəfədə ABŞ prezidenti Barak Obamanın Xocalı və Qarabağ petisiyalarına reaksiya verməyəcəyi bəlli oldu. Bu da erməni lobbisi ilə ermənipərəst konqresmenlərin reaksiya qorxusundan irəli gəlirdi. Halbuki, yüz min nəfərin imza atdığı petisiyaya prezidentin reaksiya verməsi gərəkirdi. Ağ Evin petisiyaya yazılı cavabında Xocalı soyqırımının adı çəkilmədən sadəcə müharibənin itkilərə səbəb olduğu vurğulandı.

Barak Obamanın 200 mindən çox insanın imza atdığı petisiyalara rəsmi reaksiya verməməsi Azərbaycan cəmiyyətində haqlı narazılıq doğursa da, bundan
depressiyaya düşməyə də dəyməz. Ermənilər bu işlə yüzildir məşğuldurlar və yalnız yolun ortasında nəticə əldə etməyə başlayıblar. Biz isə cəmi bir neçə ildir Xocalını soyqırımını dünya miqyasından tanıtdırmağa çalışırıq və nəticə əldə etməyə tələsirik. Nəticə olacaq, sadəcə vaxt və keyfiyyətli iş lazımdır.

Bu arada, petisiya təşkilatçılarını və sənədi imzalayanlara təşəkkür düşür. Nə Barak Obamanın səssizliyi, nə də erməni lobbisinin əngəlləri əlimizi soyutmalıdır. Erməni lobbisi və İrəvan bilir ki, Xocalı onların təbliğatında zəif yerdir - əks arqumentdir, deyəcək sözləri, inandrıcı yalanları yoxdur.

Yüz il bundan öncə baş verdiyi iddia edilən “erməni soyqırımı” haqqında fərqli mülahizələr varkən, Xocalı soyqırımı 21 il bundan öncə hamının gözü qarşısında baş verib, xeyli şəkil, video görüntü və canlı şahid var. Xocalı soyqırımı keçmiş Yuqoslaviyadakı Srebrenitsa qətliamına da bənzəmir. Doğrudur Xocalıdakı faciədən 3 il sonra baş verən Srebrenitsa qətliamında daha çox insan - 5 min nəfər öldürülmüşdü, ancaq serb başkəsənlərin heç olmazsa, qadın, uşaq və qocaları sərbəst buraxmışdılar, Xocalıda isə nə baş verdiyini hamımız yaxşı bilirik. Srebrenitsa qətliamından bütün dünyanın xəbəri var, Xocalıda törədilən daha qəddar qətliamdan da xəbər tutması gərəkir.