“Xristian Konfransı” və “Yeni Osmançılıq”: Kolonializmin mədəniləşməsi?

xristian-konfransi-ve-yeni-osmanciliq-kolonializmin-medenilesmesi
Oxunma sayı: 4961

Rusiya Federasiyası İctimai Palatasının üzvü, Denis Dvornikovun Rusiya, Gürcüstan və Ermənistan dini liderləri Kiril, İlya və II Qareginə müraciət edərək, onları Qafqaz xrisitan xalqlarının xüsusi konfransını yaratmağa çağırması Kremlin qəbul etdiyi yeni strategiyanın tərkib hissəsidir. Bu Denis Dvornikovun öz beyninin məhsulu ola bilər, amma Kremlin siyasətindən kənar bu ideyanı gündəmə gətirə bilməzdi. Bunu “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) rəhbəri Razi Nurullayev deyir.

Maraqlı fakt budur ki, 12 dekabr tarixində prezident Vladimir Putin Rusiya Federasiyasının Federal Məclisinə illik müracətində bir çox məqamlara özü aydınlıq gətirib. Bu müraciət analitiklər üçün ciddi mövzulaya yol açıb. Bu müraciəti əvvəldən axıra kimi analiz edəndən, müraciətdən öncə və sonra baş verən proseslərə nəzər salanda görmək olur ki, bu Kremlin siyasətinin ayrı-ayrı elementləridir.

Amma, Rusiyanı təbrik etmək olar. Putinin yeni srategiyasında militantlıq və zorla qəbul etdirmə planları görmürəm. Rusiya elə addımar atmaq istəyir ki, Federasiya daxilində yaşayan xalqlar və MDB-yə daxil olan ölkələr özləri Rusiya ilə əməkdaşlıqda maraqlı olsunlar. Hətta, belə demək olar ki, Rusiya ruhi, dini, mədəni, maarifçi və humanitar mübadilə vasitəsilə xalqların beyinlərində inqilab etmək düşüncəsindədir. Denis Dvornikovun müraciəti bunun dini zəminlə bağlı olan hissəsidir.

Digər vacib məqsəd ondan ibarətdir ki, xüsusən də bütöv Qafqazlarda ciddi şəkildə inkişaf edən islamçılığa qarşı birləşmiş xristianlıq olsun. Çünki, Rusiya da başa düşür ki, Qafqazlarda hazırda yüksələn xətlə inkişaf edən islamçılıq onu Rusiyadan birdəfəlik ayırmaqdadır.

Bəs Xristian Konfransı adı altında Qafqazlarda birləşmək Rusiyaya nə vəd verir?

Birincisi, Qafqazlarda kifayət qədər xristianların da yaşaması faktını dünyanın nəzərinə çatdırmaq və Qafqazların taleyinin həll olunmasında onların da rolunun nəzərə alınmasını təmin etmək;

Ikincisi, Müsəlman icmaları ilə dinlərarası dostluq və əməkdaşlıq təşkil etmək. Dini əməkdaşlıq və Xristianların Qafqazlarda güclənməsi onun Rusiyadan ayrılmasını əngəlləyn ciddi faktora çevrilə bilər.

Üçüncüsü, Rusiya Gürcüstan və Ermənistanı dini zəmin üzərində öz orbitinə salmaq və onların siyasətinə təsir etmək niyyətindədir.

Putin deyir: «Biz Rusiya Federasiyasının hər bir xalqına, hər bir etnosuna böyük hörmətlə yanaşırıq, yanaşmalıyıq və yanaşacayıq. Həmişə bizim gözəlliyimiz və gücümüz rəngarəngliyimizdə olub”.

Kremlin bu yanaşması qonşu Türkiyənin Osman İmperiyası ziyalılarının hələ 1865-ci ildə əsasını qoyduğu millətçi gizli təşkilat olan “Yeni Osmanlar”a və Türkiyənin hazırkı xarici İşlər İşlər Naziri Əhmət Davutoğlu tərəfindən yeni müstəvidə təqdim edilən “Strateji Dərinlik” kitabında yer alan “Yeni Osmançılıq” ideyasına çox bənzəyir. Türkiyə bu gün qədimdə olduğu kimi xalqları qılınc və top gücünə öz iradəsinə tabe etdirə bilməz. Amma, qlobal güc olmaq üçün də ətrafında səni dəstəkləyən onlarla dövlət olmalıdır. Bunun üçün də Türkiyə qonşularla “0” problem konsepsiyasını irəli sürdü və keçmiş Osmanlı İmperiyasına daxil olan ölkələrlə mədəni, ruhi, humanitar və dini bağlantını əsas götürdü. Türkiyə variantında bu ideya hələ ki, özünü tam doğrultmur. Ən azından qonşularla “0” münaqişə politikası demək olar ki, zərbəyə məruz qalıb.

Rusiya isə Türkiyənin səhvlərindən nəticə çıxarıb, səhvlərdən uzaq bir konsepsiya üzərində işləməkdədir. Belə demək olar ki, Rusiya daha lazımsız yerə müharibələrə qoşulmaq istəmir və Rusiyaya aydın olub ki, o xalqları və ölkələri hədə, təhdid və imperialist yollarla ətrafına yığa bilməz. Kremlin siyasətinin tərkib hissəsi olan bu beynəlxalq element tədricən həyata keçiriləcək.

Bu elementdə həm də, ABŞ siyasətinin kopiyası sezilməkdədir. Obama 1-ci prezidentlik dönəmində bu və ya digər şəkildə qeyd etmişdi ki, ABŞ bundan sonra xalqlarla işləməyə üstünlük verəcək. Dövlət Katibi H.Klinton da bu cümləni bir neçə dəfə görüşlərində təkrar etmişdi.

Hal-hazırda isə Kreml ən çox ölkənin parçalanmasından əndişələnir. Rusiya çox millətli ölkədir və millətlərin çoxu Federasiya tərkibində öz Respublikasına malikdir. Hazırda Rusiyada 180-dən çox xalqlar yaşayır. Ən azından bunu demək olar ki, Rusiyanın tərkibinə daxil olan ölkələr ABŞ tipli bir dövlətin yaradılmasında maraqlıdırlar. Tatarıstan bunu dilə gətirir və digər respublikaların da bunu səsləndirməsi zaman məsələsidir. Rusiya ştatlardan ibarət olmalı və hər ştat özünün ABŞ-da olduğu kimi müstəqil qanunvericilik bazasına malik olmalıdır. Rusiya bunun qarşısını almaq üçün çalışır.

Xalqları özünə bağlamaq üçün ruslaşdırma yox, onları ruhi və humanitar cəhətlərdən özünə bağlamalıdır. Xoş sözlər və Allahın kəlamıyla.

Putin çıxışında buna ciddi şəkildə işarə edib: “Bu gün rus cəmiyyəti aydın şəkildə ruhi bağlılıqla bağlı defisit hiss edir: mərhəmət, şəfqət, bir-birinə can yandırma, qarşılıqlı kömək – bütün bu defisitlər həmişə bütün zamanlarda bizi möhkəm edib, güclü edib və biz bununla həmişə fəxr etmişik”.

Putindən gətirilən bu sitat elə yuxarıda deyilənlərin təsdiqidir. Hər halda Rusiya əvvəlki siyasətindən vaz keçmək və zamanın tələbinə uyğun yeni siyasət qurmaq niyyətindədir. Bu niyyətin faydalı tərəfləri çox ola bilər.