“Xural” mətbəə axtarır

xural-metbee-axtarir
Oxunma sayı: 654

Oktyabrın 19-da məhkəmə icraçıları “Xural” qəzetinin əmlakını müsadirə edib. Oktyabrın 20-də isə “Ekspress” mətbəəsi qəzetin çapından imtina edib. Ədliyyə Nazirliyinin mətbuat xidməti əmlakın müsadirəsinə belə izah verib: “Son 3 il ərzində dövlət xadimləri və ictimai xadimlərin, mədəniyyət nümayəndələrinin və digər şəxslərin fəaliyyətinə kölgə salmağa, cəmiyyətdəki yeri və rolunu, eləcə də şərəf və ləyaqətini alçaltmağa yönəlmiş qanunazidd hərəkətlərinə görə “Xural” qəzeti barədə məhkəmələrdə iddialar qaldırılıb, altı iş üzrə mülki, inzibati və cinayət məsuliyyətinə cəlb olunub.

Son zamanlar “Xural” qəzetinə qarşı çıxarılmış məhkəmə qərarlarından 3-ü - Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, “Azərbaycan” nəşriyyatının direktoru, “Bakinski raboçi” qəzetinin baş redaktoru Ağabəy Əsgərovun və müğənni Nüşabə Ələsgərlinin iddiaları ilə bağlı qərarlar icraya yönəldilib. Bütün görülmüş tədbirlərə baxmayaraq mətbu orqan bu günədək icradan boyun qaçırıb”.

Oktyabrın 24-də “Media forum”a danışan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı redaksiyanın əmlakını müsadirə edən icra məmurlarının, eləcə də Ədliyyə Nazirliyinin məhkəməyə veriləcəyini bildirib: “Artıq iddia ərizələrimiz hazırdır”.

“Xural” qəzeti 2002-ci ildə yaradılıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan qəzet həmin gündən həftədə yeddi dəfəyə keçib. Ötən ay Mətbuat Şurası qəzeti “reket” elan edərək “qara siyahı”ya salıb.