“Xural”ın yağmalanması qanun pozuntusudur – Bəyanat

xuralin-yagmalanmasi-qanun-pozuntusudur-beyanat
Oxunma sayı: 663

“Qafqazinfo”nun məlumatına görə, MHİ-u “Xural” qəzetini Azərbaycanda fəaliyyət göstərən azsaylı tənqidçi nəşrlərdən hesab edərək, nəşrin topluma alternativ düşüncələrin çatdırılmasında önəmli rol oynadığını vurğulayıb. İnstitut qəzetin əmlakının müsadirəsi ilə bağlı qərarın Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərlinin iddiası əsasında çıxarıldığını qeyd edib:

- Qəzetin əmlakının müsadirəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olması ilə əsaslandırılır. Halbuki, yuxarıda qeyd olunan həmin qərarların icrasından məhkəmə qaydasında şikayət edilib. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə, icra ilə bağlı iddia qaydasında mübahisə qaldırılarsa icraatın dayandırılması məcburidir. Həmin qanunun 19-cu maddəsinə görə, belə durumlarda icraat iddia üzrə mübahisə bitənədək dayandırılmalıdır. Məhkəmə icraçıları qanunun bu maddələrini pozublar.

- Qəzetin əməkdaşlarının bilgisayarlarının müsadirəsi kəskin tənqidi mövzuda yazan jurnalistlərin bilgi qaynaqlarına qəsd təşkil edib. Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 11-ci maddəsi jurnalistlərin bilgi qaynaqlarının toxunulmazlığını qoruyur. Qanunun bu müddəasının diqqətə alınmaması ümumilikdə bütün jurnalistlərin bilgi qaynaqlarına qorxunc mesajdır.

- Məhkəmə icraçılarının hüquqi qüvvəsi olan qərara söykənmədən “Xural”ın əmlakını müsadirə etməsi faktiki olaraq gündəlik nəşrin işini iflic edib. Bu jurnalistin qanuni peşə fəaliyyətinə mane olmağa görə cinayət tərkibi yaradan əməldir. Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistlərin peşə fəaliyyətinə mane olmağa, onları məlumatları yaymaqdan imkanından məhrum etməyə görə cinayət məsuliyyəti nəzərdə tutur.

- “Xural” qəzetinin əmlakının müsadirə olunması həm də mülkiyyət hüququnun ciddi pozuntusudur. Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin mülkiyyət hüququ var və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.

Media Hüququ İnstitutu yuxarıda sadalanan pozuntularla müşayiət olunan olayı ölkədə söz azadlığına ciddi müdaxilə sayır və Media Hüququ İnstitutu belə qanunsuz qərarlar vermiş və onları icra etmiş şəxslərin hərəkətlərini araşdırmağa, onlar barədə müvafiq öl¬çülər götürməyə, media qurumlarının pozulmuş hüquqlarını bərpa etməyə çağırır.