Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

xurma-istehsalcilari-ve-ixracatcilari-assosiasiyasi-yaradilib
Oxunma sayı: 1413

Azərbaycanda xurma istehsalı və ixracı ilə məşğul olan sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı avqustun 16-da Göyçay rayonunda İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun dəstəyi, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay və ətraf rayonlarda xurma istehsalı və ixracı ilə məşğul olan 50-ə yaxın sahibkarın iştirakı ilə tədbir keçirilib.

Tədbirdə vurğulanıb ki, hazırda Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təbliği məqsədilə ixrac missiyaları təşkil edilir, beynəlxalq sərgilərdə yerli məhsullarımız vahid ölkə stendində nümayiş olunur, xarici ölkələrə ticarət nümayəndələri təyin edilir və ticarət evləri yaradılır, sahibkarlara ixrac təşviqi ödənilir, ixracatçılara məsləhət xidməti göstərilir, ixtisaslaşmış assosiasiyaların yaradılması dəstəklənir.

Azərbaycan əsas xurma istehsalçısı və ixracatçılarındandır və ölkəmizin bu sahədə geniş potensialı var. Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti  də sahibkarlığın inkişafı, eləcə də bu sahədə istehsalın və ixracın artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyətinin təşkilinə də lazımi dəstək göstərəcək.

Sonra tədbir iştirakçılarının təklifi əsasında Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, “Siracoğlu Fermer Təsərrüfatı” şirkətinin rəhbəri Qədir Yusifov Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.