Ya atam, ya da ki, mən…

ya-atam-ya-da-ki-men
Oxunma sayı: 3990

Günel Hacı

İki-üç gün olar atama ayaqqabı almaq üçün mağazalara baxırdım. Həqiqətən də valideynə nəsə almaq çox gözəl hissdir. Amma vay onda ki, elə bu məqamda özünçün çoxdan axtardığın köynəyə və ya başqa bir şeyə gözün sataşa. Hər mağazaya girəndə düşünürəm ki, heç nəyə ehtiyacım yoxdur.

Gəl ki, çıxanda əllərimdə torbalar, ağlımda isə gələn maaşda alaram deyib mağazada buraxdığım daha bir neçə geyim olur. Nə uzadım, adicə marketə çörək almaq adı ilə gedib yastıq, yorğan alıb qayıda biləcək adamam. Bu dəfə də atama ayaqqabı almağa girdiyim mağazadan özüm üçün ket bəyənib çıxdım. Aylıq xərcimi hesablasam, bir az da ehtiyat pul saxlayım desəm, bir tərəf ixtisar olunmalıdır: Ya atam, ya da ki mən…

Təsəllim o oldu ki, onsuz da işləyir, əgər ayaqqabı istəsə, alar. Mən özümə bəyəndiyim keti alım. Ancaq təkzibim daha ağır basdı. İçimdə çətin zamanlar üçün böyütdüyüm mərhəmət hissim "o, sənin üçün çox şeydən keçib. Sən utanmırsan, bir ayaqqabının söhbətini edirsən?!" - dedi və qalib gəldi. Belə deyək, eqoizmim bu dəfə atamın qarşısında qeyri-şərtsiz məğlub oldu.

Deyə bilmərəm, onun mənim aldığım nəyəsə ehtiyacı var, ya yox, ancaq böyümək anlayışının bir mərhələsini də bu yolla keçdim. Həmişə analara baxıb fikirləşirdim ki, necə olur, onlar şorbadakı tək tikəni uşağının boşqabına qoyur, bəyəndikləri geyimdən sənin ətəyi büzməli donun üçün imtina edir, ən əsası vaxtının çoxunu sırf sənə xərcləyirlər. Fikirləşdikcə məni vahimə basırdı və heç vaxt belə ola bilməyəcəyimdən, o hissləri yaşamayacağımdan qorxurdum. Yaşadığım adi bir həyat təcrübəsindən sonra artıq qorxmuram, çünki onlar valideyn, mən də övlad yaşını yarılamışam və gec də olsa, nələrisə dərk edə bilirəm. Bir neçə həftə əvvəl yeni yaşımın ağırlığı necə boynumdan sallanıb məni yerə sıxırdı, bu gün bir az dikəldim.

Cırtdan ailəmizin fonunda bir şeyi də deyim. Atam sakit və çox tərs insandır. Heç vaxt ona nəsə almağımı istəmir. Dünən dedim ki, sənə ayaqqabı almışam. Həmişəki kimi başladı danlamağa ki, çox heyif, özünə al, mənə niyə alırsan. Bircə kəlmə "mənim almağımı istəməsən, sən çoxdan yenisini almışdın" - dedim. Heç nə demədi. Bu üsulu da anamdan öyrənmişdim. Belə ki, bir dəfə anam bərk xəstələnmişdi və məndən evi yığışdırmağımı istədi. Yaxşı desəm də, bir müddət yerimdən tərpənmədim. Üstündən bir az keçmişdi ki, gördüm özü güclə evi yığışdırır. "Mən edəcəkdim" dediyim zaman üzümə elə baxdı ki, başqa bir kəlmə ağzımdan çıxara bilmədim. İştə, bu bizim ailəmiz…