“Ya gərək hər şeyini verəsən, ya da heç nəyini...” - Müsahibə

ya-gerek-her-seyini-veresen-ya-da-hec-neyini
Oxunma sayı: 5422

Şair Rüstəm Behrudinin “Qafqazinfo”ya müsahibəsi:

10 il bundan öncə, atam tanınmış haqq şairi Rüstəm Behrudinin 50 illik yubileyindən “Salam, dar ağacı” adlı bir kitabla gəldi. Onu vərəqləməyə başladım. Açdığım ilk səhifədən, yalan olmasın, birnəfəsə haradasa 30-40 şeir oxudum. Hələ 13 yaşım olmasına baxmayaraq, şairin hiss və həyəcanları mənə çox doğma gəldi və beləliklə, onun yaradıcılığı ilə yaxından maraqlanmağa başladım. Şairin şeirləri ilə yanaşı, bir xeyli poetik-publisistik yazılarını, müsahibələrini oxudum, haqqında ən müxtəlif fikirlərə rast gəldim. Nəhayət, onunla tanışlığımdan düz 10 il sonra, elə bu günlərdə Behrudi ilə maraqlı söhbət mənə də qismət oldu. 

- Müsahibələrinizdən birində demisiniz ki, dostunuz olan gənc şairlərdən biri yarızarafat, yarıciddi elə sizin yanınızdaca söyləyib ki, Rüstəm Behrudi, Ramiz Rövşən, Vaqif Bayatlı Ödər ölsəydi, biz də şair kimi tanınardıq. Onun sözü olmasın, özünüzdən sonra kimi şair kimi görürsünüz?

- Ümumiyyətlə, şairlər kiminsə yarımçıq ömrünü yaşayan insanlardır. Onlar heç vaxt bütöv bir ömür yaşamırlar. Hazırda Azərbaycan poeziyasında Aqşin Evren, İntiqam Yaşar, Şəhriyar Del Geraninin yaradıcılığı mənə daha maraqlı gəlir. Düşünürəm ki, onlar yollarını azmasalar, böyük mənada ədəbiyyatla məşğul olsalar nə isə edə bilərlər. Ümumilikdə isə, bizim ədəbiyyatımızdan bədgüman olmaq lazım deyil. İstadadlı şairlərimiz həmişə olub, olacaq da. 

- Klassik şairlərimiz öz əsərlərində hiss və həyəcanlarını, məhəbbət və azadlıq yanğılarını açıq şəkildə bəyan edirdilər. İndiki dövrdə bu mövzuda siz digər həmkarlarınızdan daha cəsarətlisiniz. Məhz hisslərinizi açmaqda cəsarətli olduğunuza görəmi bu qədər oxunursunuz, yoxsa sizin şəxsi həyatınız və mövqeyiniz cəmiyyət üçün hələ tam açılmayıb?

- Ədəbiyyat elədir ki, gərək ya hər şeyini verəsən, ya da heç nəyini. Ya birinci olmalısan, ya da heç olmamalısan. Əgər məndən yaxşı şeir yazan varsa, onda mən niyə yazmalıyam ki? Mən heç vaxt heç nəyimi gizlətməmişəm. İçimdə nə varsa, onları yazmışam. Şeiri ya yazmalısan, ya yazmamalısan. Senzuranın ən pis vaxtlarında belə, mənim yazılarım dəyişiklik edilmədən çap olunub. Poeziyada tək istedad yetərsizdir, cəsarət və səmimiyyət də mütləqdir. Və yazdıqların da sənin həyat tərzinə çevrilməlidir. Oxucu səni tanımalıdı, bilməlidi ki, sənin yazdıqların – sənin həyat tərzindir. Məsələn, Hüseyn Cavidin yazdıqları onun həyat tərzi idi. Ona görə də, həmin dövrdə məhz o yaddaşlarda qaldı. 

- Caviddən söz düşmüşkən, yaradıcılığınızda iblis və mələk daim yarışdadır və sanki bu yarışın hakimi də sizsiniz. Əslində, insanın dini görüşü haqqında sual vermək bir az etik deyil, amma məncə, bu açıqlama sizi oxuculara daha yaxından tanıtmağa kömək edər. Sizin təbirinizcə desək, Allah var, ona gedirik, yoxsa, Yaradan da mı hərdən gücsüzdür gözünüzdə?

- Mən tolerant insanam. Amma hamının inandıqlarına inanmaq məcburiyyətində deyiləm. Mən Tanrını başqa cür dərk edirəm. Təkallahlı dinlər mənim ruhuma yaddır. Çünki onun təməlində nə dayandığını bilirəm. Mən türklərin əski inancları ilə yaşayıram. Mənim inandığım Tanrı və onun yaratdığı bəndələr var, hansı ki, o bəndələr Tanrı qarşısında borclu deyillər. Tanrı onları sevdiyi üçün yaradıb, imtahan etmək üçün yox. Əgər çoxlarının inandığı Allah o qədər güclüdürsə, o, bəndələrindən hesab sora bilməz. 30 il öncə “Şaman duaları” kitabımı yazmışdım. Bizim tanrımız sevginin tanrısıdı. Mən bu inancda, göy tanrıçılıq dinində özümü daha rahat hiss etdim və buna inandım. Hamı islamın sülh və əmin-amanlıq dini olduğunu deyir. Amma bu 1400 il ərzində heç kim islamın sülhü təmsil etdiyini deyə bilməz. Buxara, Xivə, Səmərqənd istila ediləndə yüz minlərlə insan öldürülüb. Hanı burda sülh, əmin-amanlıq? Mənim üçün cənnət və cəhənnəm qorxusu yoxdur. Bizim tanrımız yaratdıqlarının içindədir və hər şey də onun içindədir. 

Ey daş qoyub, məscid quran,

Uzaq yoldur, inciyir quran,

Ağac, yarpaq, yoldur hər yan

Bəndə ilə Tanrı arasında.

Tanrıya gedən yol təkcə onun göndərdiyi elçilər vasitəsilə baş tutmur. Ağacla, otla, çiçəklə də Allaha gedib çıxmaq olar. 

- Bildiyimiz kimi, bütün dinlərdə insanın Tanrı qarşısında bir öhdəliyi mövcuddur. Sizin inancınıza görə, Tanrı insanı sevdiyi üçün yaradıb və bəndə heç nəyə görə hesabat verməli deyil. Bu bir az da insanının özünü məsuliyyətdən azad etməsi deyilmi?

- Ağac, yarpaq, çiçək, ot, su, torpaq kimi biz də Tanrının bir hissəsiyik! İnsanın səhv eləməyə haqqı yoxdu!

- Sizinlə müsahibələrin birində “İnsan yaratdığını yaşatmağa məcburdur” sözünü tez-tez işlətdiyiniz vurğulanıb. Bəs intihar arzularınız və cəhdləriniz Allaha bir üsyan deyilmi? Axı o da sizi yaşatmağa məcburdur... Özünüzü yaradanınızın yerinə qoymusunuzmu heç?

- Özünü Tanrının yerinə qoymayan adam şair ola bilməz. Hərdən özümü hər şeyin hakimi, hər şeyə gücü çatan biri kimi hiss edirəm. Mən düşünmürəm ki, Tanrı mənı yaşatmağa məcburdu. Məncə, Tanrı insanı azad yaradıb. Onun yaratdığı bəndə Tanrısı qarşısında heç bir məsuliyyət daşımır. Təbii ki, bu halda o özünü bəzən Tanrı kimi də hiss edə bilir. Tanrı, onsuz da yaratdıqlarının içindədir. 

- Sanki şairlər, yazıçılar, bir sözlə yaradıcı insanlar ya daim nəyinsə axtarışında olur, ya da itirdiklərinin yerində nələrisə yaradır, yarada bilməyəndə isə itirdiyini və ya tapa bilmədiyini axtarır. Elə bil, sizin də bir neçə axtarışınız və ya itkiniz olub. Məhəbbət və azadlıq və Tanrı... Bütün bunlara qovuşan şair Behrudidən geriyə nə qalacaq?

- Bütün bu axtarışlar əslində nisbidir. İnsanın Tanrını axtarma cəhdi həmişə uğurla nəticələnmir. Biz tanrını hansısa bir şəkildə dərk edə bilərik, onun nə olduğunu bilmərik. Ümümiyyətlə, insanı ölənə qədər yaşadan canatmalardı. O yoxdursa, insan nə yazsın? Hərdən mənə deyirlər ki, bu qədər yazdın, bəsdi. Artıq tarixə düşmüsən, bundan sonra yazmasan da olar. Bu bilirsən nəyə bənzəyir? Sən bir dəfə dənizdə üzmüsən, artıq üzmə, bir dəfə nəfəs almısan, artıq almasan da olar, bir nəfəs sənə ömürlük bəs edəcək. Bax, şeir də nəfəs kimidir. Onu bir dəfə alıb-vermək yaşamaq demək deyil. Mənə elə gəlir ki, mənim bu cəhdim heç vaxt bitməyəcək. Mənə şeir yazdıran da Tanrını dərketmə cəhdimdi. Mən şeirimi oxunmaq üçün yazmıram. Hər bir şair yeni başlayanda şöhrət arzuları olur.  Mən artıq bu dövrü keçmişəm. Mənim ən böyük düşüncəm budur ki, Yer üzünə göydən tək insan gəlib. 30 il bundan öncə bilirdim ki, insan göy üzündən gəlib. Bütün müqəddəslər insanın göy üzündən gəldiyini biliblər, sadəcə, insanlara anlada bilməyiblər. Ona görə də bunu Adəm və Həvva nağılına çevirdilər. Allahın insanı cənnətdən Yerə göndərməsi şəklində anlatdılar. Mən yazanda yaxşı yazıram, danışanda, ola bilsin, yaxşı ifadə edə bilmirəm.

- Gözəl şeirləriniz çox olsa da, əsasən, “Salam, dar ağacı” ilə tanınırsınız...

- O zamanın şeiri idi, yazdım, sevildi. Onu mən Səmərqənddə Əmir Teymurun məqbərəsi qarşısında yazmışam. Bəlkə də, həyatımda ilk dəfə bədahətən dediyim şeir olub. Mən bədahətən deyilən şeirə inanmıram əslində, şeiri yazmaq lazımdır. Bədahətən meyxana deyilər, şeir yox. Amma bu şeir sanki əzbərimdə qaldı və vətənə gələn kimi onu kağıza köçürdüm.

- “Çoxları dar ağacına salam verə bilər. Dar ağacının salamını aldığı tək şair Rüstəm Behrudidir” – bu fikri sizin haqqınızda Ramiz Rövşən deyib. Dar ağacına salam verəcək qədər cəsarətli olduğunuz hamıya bəllidir. Bəs bu salamdan sonra şairi və onun oxucularını nə gözləyir?

- Ta qədim zamanlardan ağac, dünya ağacı türk dastanlarında (Dədə Qorqud, Gündoğmuş və. s) yaradılışın atributlarından biri hesab edilib. Dar ağacına salam vermək azadlıq, haqq-ədalət uğrundakı savaşda qorxmazlığın, cəsarətin simgəsinə çevrilib. Mənim oxucum üçün, dar ağacına salam verənləri Tanrı dağında Azadlıq rəmzi Gürşadın ruhu gözləyir. O ruh ki, min illərdi Türk irqini hürr və azad yaşamağa səsləyib.

- “Azadlıq” Amsterdamda azan səsidir, “Azadlıq” soyunan qadın heykəlidir”, Azadlıq” susan meydandır... “Azadlıq” Azərbaycan adlı vətənimiz üçün hansı söz birləşməsidir?

-Azadlıq bu gün vətənimizdə alçalmağın və ona etiraz etməməyin rəngidir. Bizdəki azadlıq səkkizinci rəngdir sanki. Onun adını “Azadlıq” qoymaq olmaz. Azadlıq hər şey etmək deyil. Azadlıq düşüncədə, ruhda olur və bu, məncə, yetərlidir. Məsələn, mən həbsxanada da özümü azad hiss etmişəm. Yanımdakı məhbuslar buna görə mənə gülüblər də. 25 gün təkadamlıq kamerada yatdım, amma daxilimdə özümü çox azad hiss edirdim. 

- Dünyanın çox yerlərini gəzmisiniz, yəqin Kərkükdə də olmusunuz. Son vaxtlar orada müxtəlif rəngli və müxtəlif təmayüllü bayraqlar bir-birini əvəz edir. Bir türkçü və eyni zamanda dünyəvi şair olaraq, Kərkükdə hansı rəngin, hansı təmayülün dalğalanmasını istərdiniz?

- Təbii ki, Göytürk bayrağının dalğalanmasını istəyirəm. Millət dindən əvvəldir. Mən şair olmazdan əvvəl bir milliyətçiyəm. Mirəli Seyidov mənim haqqımda demişdi ki, Turan ideyası, türk milliyyətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirləri ilə yenidən həyat qazandı. Kərkük tarixən türklərin torpağı olub, ona görə də orada tək türk bayrağının dalğalanmasını istərdim.  

- Sizcə, AYB-nin yubiley təbrikinə və ya tədbirinə nail olmaq üçün necə şair olmaq lazımdır?

- Mənim AYB ilə heç bir problemim olmayıb, mən təkbaşına ədəbiyyatla məşğul olan adamam. Çoxluq olan yerdə mənim işim olmayıb. 30 ildi AYB-yə üzv olmuşam və bu illər ərzində ora ayaq da basmamışam. 30 ildə hiss etdim ki, AYB Azərbaycanda heç bir məsələyə öz mövqeyini bildirməyib. Amma bir zamanlar AYB-nin mövqeyi Azərbaycanda müstəsna rol oynayırdı. İndi o mövqe də yoxdur, mənim orda nə işim var? Ədəbiyyat bir qurumda yaranmır, onu insanlar tək yaradır. Hərdən deyirlər ki, guya doğum günümü təbrik etmədikləri üçün oradan çıxmışam. 30 ildir ki, AYB mənim doğum günümü qeyd etmir, niyə çıxmırdım? Mənim orda olub-olmamağımın nə onlara bir fərqi var, nə də mənə. 

- Yeni nəsildə necə, bir ümid, bir mövqe, ideya görürsünüzmü?

- Azərbaycan gəncliyi bilirsinizmi niyə bu gündədir? Çünki bizim artıq heç bir hədəfimiz yoxdu. Nə uğrunda yaşadığımız bilinmir. Kommunist dönəmində, yaxşı və ya pis bir ideyanın arxasınca gedirdik. İndi isə bizim heç bir hədəfimiz yoxdur, çünki ortaq dəyərlərimiz yoxdur. Hansısa bir ideyanın arxasınca getmək üçün gərək ortaq dəyərlərimiz olsun. İndi hər şey bölünüb. Çay, dəniz, dağ, meşə... Bircə Tanrı ilə havanı əlimizdən ala bilmirlər. Cəmiyyətimizdəki bu boşluq əxlaqsızlığa gətirib çıxarır. Bir yeri sevmək üçün ortaq dəyərlər lazımdır. Azərbaycan parçalanıbsa daha onu ayrı-ayrı adamlar qoruya bilməz. Vətən deyilən şey hamının olmalıdır və hamı onu qorumalıdır. Amma bizim vətənimiz hamımızın deyil, parça-parçadı. Ona görə də, ortaq bir hədəfimiz yoxdur. Əgər “Azadlıq” meydanı bu gün maşınların yarış meydançasına çevrilibsə, demək, bu millətin bir hədəfi qalmayıb... İçimizdəki meydan bu gün bir söz kimi susub.

- Müsahibəmizin əvvəlində “Bizim ədəbiyyata bədgüman olmaq lazım deyil” deyə vurğuladınız. Eyni zamanda gənclərimizi birləşdirən vahid dəyərlərin olmadığını da bəyan etdiniz. Elə isə bu gümanınızı nə ilə əsaslandırırsınız? Hədəfsiz, məramsız ürəkdə poeziya yarana bilərmi?

- Fərdlərin də, millətlərin də həyatındakı ağır zaman ortaq dəyərlərin itməsi, son hədəfin anlaşılmaz olmasıdır. İndiki Azərbaycan gənçliyi, çox təəssüf ki, belə bir zamanı yaşayır. Bəzi istisnalar olmaqla ədəbi gəncliyin (ən istedadlıların belə) özlərini təsdiq eləmək imkanları məhduddu. Bu, daha çox onların günahı üzündən yox, dediyim səbəblərdəndi.

- Rüstəmin Behrudu ilə Əkrəmin Əylisi arasında məsafə, sözün birbaşa və məcazi mənalarında nə qədər yaxın, nə qədər uzaqdır?

- Mən Əkrəm Əylisli ilə dostam. Biz eyni yerdə doğulmuşuq, eyni dağlara baxan adamlarıq. Əkrəm son 100 ildə Azərbaycanın yetişdirdiyi ən böyük yazıçılardan biridir. “Mənim nəğməkar bibim”dən tutmuş “Söyüdlərin sarı işığı”na qədər nə varsa hamısı axına qarşıdır. O, həmişə axına qarşı olub. Onun nəsri belə, bir çox xalq şairlərindən poetikdir. Cəmiyyət onun hərəkətini səhv qəbul etdi və birdən-birə hər şey dəyişdi. O, bir çox titullara layiq görülmüşdü və birdən-birə hər şey əlindən alındı. O yəqin bilirdi ki, əsəri onun başına nə fəlakətlər gətirəcək və bilə-bilə də hər şeydən imtina etdi. Bütün hallarda, Əkrəm müəllimin son əsərində yanlışlıq var idi. O əsəri xilas da edə bilərdi. Məsələn, Bakının ortasında bir “yeraz” bir ermənini öldürmək istəyir, amma Əkrəm orada qeyd etməyib ki, o “yeraz”ın Bakıda nə işi var idi? Onu yazmamağının güdazına getdi. Mən həmişə onu özümə ustad hesab etmişəm. Əkrəm müəllim bir məktəbdir. Biz hələ də dostluq edirik. Hərdən maraqlanıram, yenə də yazır. Yazırsa, demək hələ sınmayıb. Əsas olan da budur. 

- Bu yaxınlarda “Rüstəm Behrudinin özü haqqında bilmədikləri” adlı bir kitab nəşr olundu. Kitabda Azərbaycanda söz sahibi olan ziyalılar sizin haqqınızda bildiklərini paylaşıblar. Sözsüz ki, hamının özü haqqında bilmədikləri var, ələlxüsus da şairlərin. Maraqlıdır, şair bu kitabda özü haqqında nələri öyrəndi?

- Sən demə, mən bu uzun illəri boşuna yaşamamışam!

- Türk dünyasında və ya bütövlükdə dünya poeziya aləmində özünüz ruhda olan şairə rast gəlmisinizmi? Şeirləriniz dünyanın bir çox dillərinə tərcümə olunub, bəs siz necə, ruhunuza uyğun olan şeirləri dilimizə tərcümə etmək könlünüzdən keçirmi?

- Tərcümə mənlik deyil. Ancaq nə vaxtsa gücüm çatsa, Artur Rembaudun, Kleistin, Höldörlinin şerlərini dilimizə çevirəcəyəm.

- Uzun müddət “Azadlıq” qəzetində poetik-fəlsəfi yazılarınız “Tək adam” rubrikası ilə gedirdi. “Tək” ifadəsi “yeganə” mənasındadır, yoxsa “tənha”?

- Bəli, 20 il “Azadlıq”a yazdım. Tənha adam yalnızlıq duyğusundan qurtulmağa çalışan adamdı. Tək adam isə yalnızlığının içində xoşbəxt olandır. Tək adam yalnız adamdır. Yalnız adam tək adam deyil. Təkbaşına olmaq yalnızlıq duyğusunu ovutmur. Tənha insana yalnızlıq əzab verir, tək adam üçünsə yalnızlığı bir xoşbəxtlikdir. 

- Həm şair, həm ata, həm baba, həyatını, imkanlarını qurmuş və ətrafındakı insanları da xoşbəxt edə bilmiş bir insansınız. Şair ola-ola, həm də “tək adam” ola-ola bütün bunları necə bacarmısınız?

- Mən ətrafımı, doğmalarımı xoşbəxt etməyə çalışdım, onlar üçün hər şeyi etdim ki, “Tək adam” ola bilim. Bütün bunlar mənə nəyin bahasına başa gəlib, onu bir Tanrı bilir.  

- Müsahibələrinizin çoxunu elə burada, qardaşınıza məxsus bu ofisdə vermisiniz və bu şirkətin sizin olmadığını nə qədər vurğulasanız da, dəxli yoxdur, yenə sizə “imkanlı, zəngin” şair kimi baxırlar. Bu, daxili zənginliyinizə olan qısqanclıqdır, yoxsa doğrudandamı sözün hər iki mənasında zəngin şairsiniz?

- Mən də başqaları kimi normal yaşayan bir insanam. Mənim də çətin günüm olub. Hərdən mən də bağa gedib-gəlməyə benzin çatdırmıram. Məncə, bu paxıllıq hissidir. Bəlkə də, mən onlarla bir kef məclislərində otursam mənim haqqımda belə danışmazlar. Yazırlar ki, Rüstəm Behrudi milyonerdi. Milyonerlik bir şeyim yoxdur axı. Mən də hamı kimi yaşayıram, normal insanlar kimi məmim də evim, maşınım var. Axı mən həm də şairəm. 40 ildir ki, ədəbiyyatla məşğulam. Təkcə “Salam, dar ağacı” kitabım 130 min nüsxə ilə satılıb. “Şaman duası” 7 min trajla bir gündə satıldı. Mən təkcə kitablarımla zəngin ola bilərdim. Mən kitablarımı satsam, bu gün də zəngin ola bilərəm. Amma bu gün mənim bütün kitablarım heç satışda da yoxdur. Məncə, haqqımda belə danışmaları paxıllıq hissidir. Bayaq da vurğuladınız ki, bir şair mənim nə vaxt öləcəyimi və özünün tanınacağını gözləyir. Bax, hamısı bunun nəticəsidir. İstedadlı insan heç vaxt paxıl ola bilməz. Bu, həm də istadadı olmayanların haqqımda danışdıqlarıdır. Belə baxanda, lap mən milyonerəm, axı bundan onlara nə? Mən şeir yazmaq üçün mütləq acından ölməliyəm? Normal insan kimi yaşayıb şeir yazmaq mümkün deyil? Düzdü, bəlkə müqayisəm yanlışdır, amma onda belə çıxır ki, Tolstoy qraf olub, amma heç kim onu milyoner olmaqda günhlandırmayıb. Bu, çox kiçik söhbətlərdi. Ədəbiyyatçı olan insan bunları danışmaz. Kimsə mənim yaşadığım həyatı yaşaya bilmirsə, sürdüyüm maşını sürə bilmirsə, bu mənim günahım deyil. Mən ədəbiyyatla məşğulam, kim nə danışır-danışsın, buna əhəmiyyət vermirəm.

Müsahibəni apardı: Nihal