Yad toyundan necə qovulduq? - II

yad-toyundan-nece-qovulduq-ii
Oxunma sayı: 679

Elə bil toy çoxdan başlamışdı, biz də bir tərəfdən üyüdüb tökürdük. Bizim bu hərəkətlərimizi görən masadakılar, ofisiantlar şaşqınlıqla bizi süzməsinlərmi? Bu dəfə xalam oğlunun ürəyinin döyüntüsünü eşitdim, öz ürəyim isə denən, heç yerində dururmu?

Yenə həminki sualı eşitdik.

- Yox, qız evi... – xalam oğlu tələsik cavab verdi və özünə bir dənə də araq süzdü. Sükut bizi dinləyirdi. Anladım ki, hamının, hətta arxada oturanların da gözləri bizdədi. Yüzlərcə gözün soyuqluğunu hiss edirdim.

- Bax, qardaş, xətrinizə dəyməsin. Orda, qız evində çoxlu yerlər var. İstəyirsiz burda oturun, e, prosto maraqlandım. – masadakılardan biri bizə yaxınlaşıb başımızın üstündə durub danışırdı.

- Bizə dedilər, orda yoxdu, ona görə gəldik. Əgər elədisə... – xalam oğlu sözünün arxasını gətirmədən ayağa durmaq istədi, amma müsahibi onu təzədən otuzdurdu. İçimdəki qorxu sıyrılıb çıxdı, köksümü ötürdüm. Elə bu vaxt birdən ofisiant mənə çaxır süzə-süzə sual verməzmi ki, bəs deməzsənmi, qızın atasını tanıyırsınız. Udqundum, nə deyəcəyimi bilmədim. Həm də özümü elə tutdum ki, guya ki, qızın atası ilə çoxdanın dostuyuq. Yəni, duruşumdan elə bil ofisianta: “Məndən soruşursan?” – deyə bozarırdım. Mənim əvəzimə isə xalam oğlu:

- Qonşusuyuq. – dedi. Ofisiant aralandı, çaxırı başıma çəkib, ağzıma xiyar turşusu atdım. Başımı qaldıranda qarşımdakı televizordan arxamızda durmuş ofisiantları gördüm. Onların ifadələri hələ də eyni cürdü. Baxışlarında dəyişən heç nə yox idi. Tələm-tələsik yeməyə girişməyimiz, arağı, çaxırı dalbadal içməyimiz yəqin ki, onları şübhələndirmişdi. Biz isə elə durmuşduq ki, guya bunun bizə heç bir dəxlisi yoxdur, sanki toyu olacaq bu qarımış qızın axırı ki, evlənməyinə ürək dolusu sevinir, içimizdəki sevgini də içməklə bildirməyə çalışırdıq. Amma bunu heç burdakılar yeyərmi?

- Nilufər...

Masadakılardan kimsə bu sözü deyəndə xalam oğlu qulağıma tərəf əyilib:

- Deyəsən, qızın atasının adıdı, yadda saxla lazım olar. – ciddi tərzdə dedi.

Bir az keçməmişdi ki, bir çal saç kişi bizə yaxınlaşıb yenə həmin ənənəvi sualı verdi. Biz də hə zamanki cavabı verdik.

Mən qızın atasıyam. Axı mən sizi tanımıram.

Siz Nilufər əmi deyilsiniz? – xalam oğlu bayaq eşitdiyi adı təkrarladı. Kişi “yox, yox” deyəndə həm də indi anladım ki, bu qız adıdır, gülməyimi bir təhər içimə salıb “bağışlayın, səhv gəlmişik” dedim.

Ayağa qalxıb ora-bura dəyə-dəyə, ayağımız bir-birinə dolaşa-dolaşa qapıdan bayıra çıxmaq istəyirdik ki, birdən döşəmədən əvvəlcə tüstü çıxdı, sonra da alov qığılcımları göyə püskürdü, ardınca da bəylə gəlin içəri daxil oldu. Biz onlarla üzbəüz gəlmişdik. Xalam oğlu karıxmış halda əllərini bir-birinə vurdu, mən də onun etdiyini təkrarladım. Yad toyunda, tanımadığımız bəylə gəlini təbrik edirmiş kimi alqışlayır, üzümüzə təbəssüm qondururduq.

Onlar çıxıb gedən kimi dabana tüpürüb aradan çıxmaq istəyərkən:

- Bir dəqiqə, dayanın... – kimsə arxadan səsləndi. Az sonra qarşımızda beş-altı ofisiant, bir qalstuklu kişi peyda oldu. Onlardan biri, deyəsən, ofisiantların başçısı idi, başladı, nə başladı:

- Qardaş, heç yaşından-başından utanmırsan. Bu uşaq eləsə (məni göstərdi) heç olmasa deyərdim, eybi yox. Bu nə hərəkətdi?

Xalam oğlu söhbəti fırlatmağa çalışsa da alınmadı. Bizə yalançı damğası vurdular və üzümüzə təpinib burdan getməyimizi istədilər.

Bayıra çıxanda bayaqdan içimə bağlanmış gülüş bir anda şaqqanaqla açıldı. Xalam oğlu da mənə qoşuldu.

İçəridə isə toy çalınırdı...

son